Azərbaycan, Bakı, 17 mart / Trend/
Krım Ali Şurasının deputatları "Krımın müstəqilliyi haqqında" qərar qəbul ediblər. Bu barədə parlamentin mətbuat mərkəzinin məlumatında deyilir.
Məlumatda bildirilir: "2014-cü il martın 17-də keçirilən KMR-in Ali Şurasının növbədənkənar plenar iclasında "Krımın müstəqilliyi haqqında" qərar qəbul edilib. Qərarın lehinə 85 deputat səs verib".
Parlament həmçinin subyekt kimi Krımın Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi ilə bağlı təkliflə müraciət edib: "Krım Respublikası KMR-in Ali Şurasının simasında RF-nin yeni subyekti kimi respublika statusunda Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı RF-yə müraciət edir".
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.
Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.