...

ABŞ CAR ilə daha əlverişli şəraitin yaradılmasına çalışır

Dünya xəbərləri Materials 25 May 2025 21:30 (UTC +04:00)
ABŞ CAR ilə daha əlverişli şəraitin yaradılmasına çalışır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerika şirkətlərinin Cənubi Afrika Respublikasına (CAR) sərmayə yatırması və bu ölkədə fəaliyyət göstərməsi üçün daha əlverişli şəraitin yaradılmasına çalışır.

Trend xəbər verir ki, bu barədə yerli "City Press" həftəlik nəşri məlumat yayıb.

Bildirilir ki, Cənubi Afrika Prezidenti Siril Ramafosa başda olmaqla nümayəndə heyətinin 19-22 may tarixlərində ABŞ-yə səfəri çərçivəsində bir sıra mühüm razılaşmalar əldə olunub.

Vaşinqtonda qapalı qapılar arxasında keçirilən danışıqlarda Tramp administrasiyası, xüsusilə CAR qanunvericiliyində xarici şirkətlərə yerli qaradərili bizneslərə səhmlərin üçdə birini vermək şərtinin ABŞ kapitalı üçün ciddi maneələr yaratdığını diqqətə çatdırıb. Səfərdən iki gün sonra isə CAR-ın kommunikasiya və rəqəmsal texnologiyalar naziri Solli Malatsi bu tələbə alternativ təklif edən direktiv imzalayıb. Sənədə əsasən, xarici şirkətlər yerli biznesə böyük səhm payı vermədən, infrastruktur layihələrinin icrası ilə kompensasiya edə biləcəklər.

Bu dəyişiklik, nəşrin məlumatına görə, ABŞ-nin “SpaceX” şirkətinə məxsus “Starlink” peyk rabitə sisteminin CAR bazarına daxil olmasının yolunu açır. Qeyd edək ki, əvvəllər “Starlink”ə lisenziya verilməmişdi, çünki Elon Mask yerli qanunvericiliyin tələblərini yerinə yetirməyə hazır olmadığını bildirmişdi.

Səfər çərçivəsində CAR-ın kənd təsərrüfatı naziri Con Steynheyzen qeyd edib ki, bu direktiv Vaşinqtonda əldə edilən çoxsaylı razılaşmalardan sadəcə biridir. “İndi qapı açıqdır”, – deyə o bildirib.

Nəşrin məlumatına əsasən, ABŞ tərəfi CAR-da hasil olunan və “SpaceX” kimi texnologiya şirkətləri üçün strateji əhəmiyyət daşıyan minerallara çıxış əldə etməkdə maraqlıdır. Danışıqlar zamanı Elon Mask dünya bazarında bəzi mineralların qıtlığı fonunda CAR-dan tədarüklərin vacibliyini vurğulayıb və bu ehtiyatların ABŞ ərazisində emal olunmasını təklif edib.

Bundan əlavə, CAR nümayəndə heyəti ABŞ-dən böyük həcmdə mayeləşdirilmiş təbii qaz idxal etməyi planlaşdırdıqlarını bildirib. Bu, CAR üçün ilk belə təşəbbüsdür, çünki ölkə əvvəllər ABŞ-dən qaz almırdı.

Səfər zamanı Prezident Ramafosa həm Elon Maskla görüş keçirib, həm də Donald Tramp tərəfindən qəbul olunub. Ramafosa səfəri uğurlu adlandıraraq, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti