Bakı. Trend:
Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən 14 yaşadək qızlar və oğlanlar arasında çempionatda yarımfinal və final mərhələsinin oyunları keçirilib.
Trend xəbər verir ki, qızlar arasında yarımfinalda “Azərreyl-2” klubu “Mingəçevir-1” komandasını, “Tovuz RVK” isə “Azərreyl-5”i məğlub edərək finala vəsiqə qazanıblar. Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı üstələyərək final mərhələsinə yüksəliblər.
Üçüncülük uğrunda oyunda qızlar arasında “Azərreyl-5” komandası 3:2 hesabı ilə “Mingəçevir-1”i, oğlanlarda isə “Naxçıvan” komandası “Oğuz RVK”nı 3:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.
Final oyunlarında qızlarda “Azərreyl-2” komandası “Tovuz RVK”ya 3:0 hesabı ilə qalib gəlib. Oğlanların finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”ya 3:2 hesabı ilə üstünlük qazanıb.
Final qarşılaşmalarından sonra keçirilən mükafatlandırma mərasimində qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.
Beləliklə, qızlarda çempion “Azərreyl-2” komandası qızıl medal və kubokla təltif olunub, “Tovuz RVK” gümüş, “Azərreyl-5” isə bürünc medal qazanıb. Oğlanlarda isə qızıl medalı “Daşkəsən”, gümüş medalı “Sumqayıt RVK”, bürünc medalı isə “Naxçıvan” komandası əldə edib.
Qeyd edək ki, mayın 26-da AVF-nin İdman zalında 18 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyində üçüncülük və final oyunları, ardınca isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.