Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Nadir şah Әfşar: diplomatik yazışmalar" kitabının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, təqdimat mərasimində AMEA prezidenti, akademik Akif Әlizadə bildirib ki, zəruri sənədlərin əks olunduğu bu kitabla Azərbaycan tarixinə çox vacib, sanballı faktlarla əsaslandırılmış məlumatlar gətirilib. 1600-1700-cü illərə aid olan həmin faktlar Nadir şahin fəaliyyəti haqqında məlumatlara yeni işiq salıb. Nadir şahın çox qüddətli, böyük dövlət yaratmasına nail olduğunu deyən akademiya prezidentinin sözlərinə görə, Nadir şah Әfşar qətlə yetirildikdən sonra dövlətin dağılmasına şərait yaranıb.
A.Әlizadə bildirib ki, R. Mehdiyevin əsərləri tədqiq edilməli, yeni istiqamətlər müəyyənləşməlidir, çünki onlar Azərbaycan gəncləri üçün örnək əsərlərdir.
AMEA-mın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ümümmilli lider Heydər Әliyevin Azərbaycanın tarixi şəxsiyyətlərinin öyrənilməsi istiqamətində hələ sovet dövründə apardığı iş ölkəmizin müstəqillik dövründə daha da genişlənib: "Tarixi şəxsiyyətlərimizin yenidən öyrənilməsi Azərbaycanın yeni nəsillərinin vətənpərvər, tariximizə bələd ruhda yetişdirilməsinə imkan verir. Bu baxımdan akademik Ramiz Mehdiyevin tarixi hadisələrin öyrənilməsinə dönüşü tamamilə təbii və qanunauyğun proses sayıla bilər".
R.Mehdiyevin apardığı araşdırmaların indiyə qədər məlum olmayan mənbələrə, sənədlərə söykəndiyini deyən İ.Həbibbəylinin sözlərinə görə, "Nadir şah Әfşar: diplomatik yazışmalar" kitabı bu araşdırmaların davamı olaraq, onları daha da zənginləşdirir.
Nadir şahın Azərbaycan tarixində xüsusi yerinin olduğunu xatırladan İ.Həbibbəyli qeyd edib ki, sovet tarixi əsasında indiyədək onun haqqında ən müxtəlif fikirlər mövcud olub: "Düzdür, bizə məlumdur ki, Nadir şahı Şərqin Napaleonu kimi təqdim ediblər. Amma eyni zamanda bu ad altında ona " fateh", " işğalçı", " qəddar", " qaniçən" damğaları da vurulub. Qərb, xüsusilə ermənipərəst qüvvələr, eyni zamanda Ramiz Mehdiyevin kitabından göründüyü kimi, konkret olaraq, erməni müəllifləri Nadir şahla bağlı tariximizi saxtalaşdırmağa çalışıblar. Bu mənada yeni kitab zəruri ehtiyacdan yaranıb".
Aakdemik əlavə edib ki, R.Mehdiyev bu əsərində Nadir şahın portretini yarada bilib. Bu əsərdə ilk dəfə olaraq, Nadir şah Әfşarın elmi tərçümeyi halı-onun anadan olduğu 1688-ci ildən qətlə yetirildiyi dövrədək olan hadisələr mümkün qədər tarixi sənədlər əsasında geniş şəkildə təqdim olunub.
R.Mehdiyev bu əsərində Nadir şah Әfşarın milli mənsubiyyətinə də diqqət çəkib.
Nadir şahın həmişə İran şahı kimi təqdim edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, Nadir şah Әfşarın türk mənşəli olması barədə elmi əsaslandırılmış fikirlər olmayıb. R.Mehdiyev isə onun nəsil şəcərəsini araşdıraraq Nadir şahın türk-oğuz mənşəli nəslə mənsubluğunu sübut edib. Bunu tariximiz üçün son dərəcə vacib fakt sayan İ.Həbibbəyli deyib ki, R.Mehdiyev elmi dəlillərlə Nadir şah Әfşarın "qanicən hökmdar" olması barədə deyilən fikirlərə də aydınlıq gətirib. Akademik öz araşdırmaları ilə aydınlaşdırıb ki, Nadir şah Әfşar dövlətin qüdrətini saxlamaq, xalqın möhkəmliyini qorumaq üçün sərt siyasət həyata keçirib.
İ.Həbibbəyli deyib ki, kitabda Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur: "Ramiz Mehdiyev Nadir şah Əfşarın hərbi və mülki donanma yaratmaq sahəsində fəaliyyətinə də ilk dəfə geniş yer ayırıb. Kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik yazışmaları, diplomatik sahədə məharətindən bəhs edilir. Bu kitab Azərbaycan dövlətçiliyinin öyrənilməsi üçün əhəmiyyətlidir".
Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov qeyd edib ki, indiyə qədər Nadir şah Əfşar haqqında əcnəbi müəlliflərin tədqiqatları əsasında fikir yürüdülüb. Nadir şahın diplomatik yazışmaları Azərbaycan dilində indiyədək mövcud olmayıb. Bu kitabın ərsəyə gəlməsi bu sahədə mövcud olan boşluğu da əhəmiyyətli şəkildə aradan qaldıracaq: "Məlumdur ki, diplomatik məktublar mövcud reallığı ortaya qoymaq üçün kifayət etmir. Onların sətiraltı mənalarını oxumaq tədqiqatçılardan xüsusi məharət tələb edir. Araşdırmaların elmi dövriyyəyə buraxılması yaxın gələcəkdə daha böyük həqiqətlərin, Nadir şah Əfşar haqqında yeni fikir və mülahizələrin ortaya çıxmasına zəmin yaradacaq. Bu şəxsiyyətin ətrafında olan bir çox qeyri-müəyyənliklər gün işiğına çıxacaq".
E.Әmirov əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah Abbas Səfəvi, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar haqqında, o çümlədən də Nadir şah Əfşar haqqında mövcud stereotipləri dağıtmaq üçün əlimizdə böyük imkanlar yaranıb: "Sovet hakimiyyəti dönəmindən bəri mövcud olan tarixi əsərlərin böyük əksəriyyətinə nəzər saldıqda, nəyin şahidi oluruq? Biz görürük ki, həmin şəxsləri öz doğma xalqına yadlaşdırmaq xətti tutulur. Onların Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini kiçiltmək cəhdləri açıq-aydın görünür. Bu, qətiyyən yolverilməzdir. Təbii ki, bunun da öz səbəbləri var. Bu şəxsiyyətlər haqqında araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır. Biz bəzən həmin şəxsiyyətlər barəsində olan ilkin mənbələrin yazıldığı dilləri bilməyən və bu istiqamətdə fikir yürüdən insanların mülahizələri ilə rastlaşırıq. Bu, qətiyyən yolverilməzdir".
E.Әmirovun sözlərinə görə, peşəkar elmin ən birinci tələbi, xüsusilə mənbəşünaslığın tələbi ondan ibarətdir ki, istənilən tarixi dövrlə bağlı mülahizənin bildirilməsi üçün mütəxəssis mütləq həmin dili bilməli, həmin mənbələrlə yüksək səviyyədə işləməyi bacarmalıdır: "Әks halda, ortaya qoyulan arqumentlərin heç bir dəyəri olmayacaq. Mən akademiyanı bu kitaba görə təbrik etmək istəyirəm. Bu, həqiqətən də çox böyük uğurdur. Çünki Azərbaycan mənbəşünaslığında çox böyük böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var. Ümid edirəm ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq".
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, internet məkanında Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meylləri müşahidə olunur: "Erməni tarixiləri də tarixi şəxsiyyətlərimizi ləkələməyə çalışırlar. Tarix İnstitutu orta məktəb kitablarına bu mövzunu "Nadir şah Əfşar" imperiyası adı altında daxil edib. Akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın Azərbaycanın dövlət xadimi olduğunu ortaya qoyub".
Y.Mahmudov deyib ki, Nadir şah Əfşar Səfəvilər imperiyasının sərhədlərini bərpa edib, o cümlədən Hindistanı da bu imperiyadan asılı vəziyyətə salıb: "Nadir şah Əfşar Səfəvilər dövründə başından əmmaməni çıxararaq hərbi sərkərdə paltarı geyindi. Nadir şah Əfşar məzhəb ayrı-seçkiliyində rol oynayan mollaları, din xadimlərini ciddi cəzalandırmaqla məzhəb ayrı-seçkiliyinə son qoymağa çalışıb".