Bakı.Vüqar İmanov - Trend:
Ötən gün Bakı Musiqi Akademiyasında görkəmli pedaqoq və pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Aytəkin Həsənovanın (1958-2012) xatirəsinə həsr edilmiş “Əbədi işığa doğru” kitabının təqdimatı və klassik musiqi gecəsi keçirilib.
Trend-in məlumatına görə, gecədə Aytəkin Həsənovanın ailə üzvləri, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət, incəsənət və elm nümayəndələri iştirak ediblər. Onların arasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə, əməkdar incəsənət xadimi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, sənətşünaslıq doktoru Kamilə Dadaşzadə və Aytəkin Həsənovanın digər məsləkdaşları və tələbələri iştirak ediblər.
Gecənin açılışında Aytəkin Həsənovanın qızı Aytac Qasımova çıxış edərək qonaqları salamlayıb və anasının ölümündən artıq beş il keçdiyini qeyd edib:
“Deyirlər ki, əvəzedilməz insanlar olmur, amma elə insanlar var ki, yaddaşlarda dərin iz buraxır, öz səmimiliyi, mehribanlığı və insansevərliyi ilə əbədi olaraq ürəklərimizdə qalır. Yəqin mənimlə bir çoxları razılaşar ki, anam belə insanlardan olub. Hətta onu ilk dəfə görən insanların yaddaşında da onun parlaq obrazı qalırdı. Bu gün, anamın vəfatının beşinci ildönümündə onun haqqında danışmaq mənim üçün ağırdır. Qeyd etmək istərdim ki, o öz sənətinə çox bağlı idi və bütün ömrünü musiqiyə, istedadlı musiqiçilərin yetişdirilməsinə həsr edib. Qürurla deyə bilərəm ki, o, zəngin yaradıcılıq fəaliyyəti dövründə böyük uğurlar əldə edib, həm solo konsertlərlə, həm də simfonik və xalq-çalğı orkestrləri ilə çıxış edib, dövlət səviyyəli konsert və tədbirlərdə iştirak edib, adları musiqi pərəstişkarlarına məlum olan onlarla istedadlı tələbəyə dərs keçib. O, öz tələbələrinə böyük diqqət ayırırdı və onların potensialının üzə çıxması, böyük səhnəyə çıxa bilmələri üçün şərait yaradırdı”.
Aytac Qasımova “Əbədi işığa doğru” kitabının müəlliflərinə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Aytəkin Həsənovanın həmkarları Kamilə Dadaşzadə və Səbinə Mehdiyevaya, eləcə də nəşrin redaktoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevaya çətin və səmərəli işə görə minnətdarlığını bildirib.
Azərbaycan və rus dillərində dərc olunan kitaba dost və həmkarların, məşhur mədəniyyət və elm xadimlərinin xatirələri, ailə arxivindən və çıxışlardan fotomateriallar, Aytəkin Həsənovanın ifa etdiyi, eləcə də onun xatirəsinə həsr olunmuş əsərlərdən ibarət DVD-disk daxil edilib. Onun həmkarlarının qeyd etdiyi kimi, Aytəkin Həsənovanın yaradıcılığının mühümb hissəsi onun müşayiətçi kimi fəaliyyəti olub. Uzun illər Aytəkin Həsənova Ramiz Quliyev, Gülnaz İsmayılova, Nərgiz Kərimova, Gülağa Zeynalov kimi məşhur ifaçıları müşayiət edib. Bu çıxışların videoyazıları Milli musiqimizin Qızıl fondunda saxlanılır. Solo yaradıcılıq çərçivəsində professor Aytəkin Həsənova Kapelhaus, Kirxa, Bakı Musiqi Akademiyasının Böyük zalı və digər nüfuzlu səhnələrdə iştirak edib.
Aytac Qasımova deyib: “Əlamətdardır ki, bu gecə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilir. Anam bu mədəniyyət ocağının məzunu olub və bura onun üçün çox dəyərli idi”. O, gecənin keçirilməsində göstərdiyi yardıma görə rektor Fərhad Bədəlbəyliyə minnətdarlığını bildirib.
Daha sonra gecədə çıxış etmiş Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan xalq artisti, professor Fərhad Bədəlbəyli, əməkdar incəsənət xadimi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, sənətşünaslıq doktoru Kamilə Dadaşzadə Aytəkin Həsənovanın milli musiqinin inkişafına böyük töhfəsini qeyd edib, onun yüksək insani keyfiyyətlərini vurğulayıb.
Fərhad Bədəlbəyli deyib: “Professor Aytəkin Həsənova çox parlaq və pozitiv insan, öz işinin əsl peşəkarı və öz işini dərindən sevən bir müəllim idi. Bu cür müəllimləri bu gün tapmaq çox çətindir! Aytəkin Həsənova son vaxtlarda ağır xəstə olmasına baxmayaraq, o, heç vaxt şikayət etməyib və ona məxsus optimizm və ruh yüksəkliyini saxlayıb. O bizim üçün əsl həyatsevərlik nümunəsi idi, mədəniyyəti və kübarlığı isə sadəcə valeh edirdi. Puşkinin belə bir misrası var – “Mənim kədərim işıqlıdır”. Qoy bu ifadə gecənin leytmotivi olsun və biz Aytəkin Həsənovanı hər zaman öz həyatını milli musiqimizin inkişafına həsr etmiş gülərüz bir insan kimi xatırlayaq. Bakı Musiqi Akademiyası böyük Üzeyir Hacıbəylinin evidir, Aytəkin Həsənova isə bu mədəniyyət ocağını işıqlandıran parlaq bir şəxsiyyət kimi yaddaşlarda qalacaq”.
Fərəh Əliyeva deyib: “Aytəkin Həsənova öz əməyini, biliklərini, ruhunu tələbələrinə ötürən, dərin nəzəri biliklərə, zəngin praktik təcrübəyə malik əsl pedaqoq idi. O, gözəl rəhbər idi, görkəmli Azərbaycan bəstəkarları və dünya klassiklərinin yaradıcılığını dərindən bilirdi və yüksək mədəniyyəti, intellekti və zəngin bilikləri, incə yumor hissi, səmimi xarakteri və mehribanlığı ilə seçilirdi. Onda Azərbaycan qadınlarına məxsus olan bütün gözəl xüsusiyyətlər təcəssüm edirdi. Bundan başqa, o öz işində prinsipial idi, özünü bütünlüklə işinə verirdi və hər şeyi milli musiqinin inkişafı və istedadların yetişməsi üçün edirdi”.
Aytəkin Həsənovanın fortepianoda ifa təlimi metodikasının mükəmməlləşdirilməsində və Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu 30-dan çox dərslik və müntəxəbatın nəşr olunmasında böyük əməyi var.
Kamilə Dadaşzadə deyib: “Kitab üzərində çalışarkən biz gördük ki, hər bir material nəinki unudulmaz portret yaradır, həm də Aytəkin Həsənova haqqında bütün xatirələr və fikirlər parlaq tonlarda, bu şəxsiyyətə böyük sevgi və hörmətlə təqdim olunub. Ona görə kitabı "Əbədi işığa doğru" adlandırmağı qərara aldıq. A.Həsənova öz tələbələrinə ifa ustalıqlarını təlqin etmiş, həm də ansamblın gənc iştirakçılarına dünya musiqisinin dəyərli nümunələrini tanıdaraq bu yolla onların erudisiyasını formalaşdırmış və dünyagörüşünü genişləndirmiş əsl pedaqoq idi”.
Daha sonra qonaqlara Aytəkin Həsənovanın ifasında Vasif Adıgözəlovun “Konsert №2 (3-cü hissə)” əsərinin videomaterialı və məşhur ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub. Bütün ifaçıları Aytəkin Həsənovanın tələbələri müşayiət edib.
İohann Sebastyan Baxın “Ariya”sını dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənc kamera orkestri təqdim edib. Eldar Babayev isə Aytəkin Həsənovaya həsr olunmuş “Çiçəyin qoxusu” müəllif kompozisiyasını təqdim edib.
Fərhad Bədəlbəylinin “Prelüdiya”sını əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Vitold Lyutoslavskinin “Paqanini mövzusunda variasiyalar”ını Aytəkin Həsənovanın tələbələri Sevinc Quluzadə və Elmira Hümbətova, Elnarə Dadaşovanın Aytəkin Həsənovaya həsr olunmuş “Ariya”sını əməkdar artist Fəridə Məmmədova, eləcə də Fəqşan Həsənli və Rəfiqə Quluzadə, Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin göz yaşları” kompozisiyasını beynəlxalq müsabiqələrin laureatı Ümidə Abbasova, Ferents Listin “İspan rapsodiyası”nı beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fortepiano kafedrasının direktoru Səbinə Mehdiyeva, Frederik Şopenin “Noktürn”ünü xalq artisti Murad Adıgözəlzadə, Dmitri Şostakoviçin "Fortepiano, truba və orkestr üçün konsert"ini (3-4-cü hissələr) xalq artisti Yeganə Axundova və Rövşən Quliyev ifa ediblər.