...

Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq

Mədəniyyət Materials 4 Fevral 2020 11:13 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib ki, “Kitabi - Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaq.

Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyerasından sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində də təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti