Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Trend-in məlumatına görə, Mərkəzdəki yaradıcılıq studiyalarındakı təlim prosesini izləyən tanınmış opera ifaçısı floristika sahəsində bacarığını sınayıb. Musiqiçi benefisiarımız Əkbər Məmmədovla birlikdə gül kompozisiyası hazırlayıb.
Musiqi studiyasında benefisiarlarımızın məşqlərindən həvəslənən opera müğənnisi onlarla yaddaqalan duetlər yaradıb. Mezzo-soprano Fidan Hacıyeva və benefisiarlarımız Xaliq Şərifov və Səbinə Əsgərova ilə birlikdə bir sıra məşhur musiqiçilərin repertuarında yer alan “Historia de un Amor” və “Besame Mucho” mahnılarını birlikdə ekspromt ifa ediblər. Mərkəzdəki inklüziv yaradıcılıq mühiti, benefisiarlarımızın fərqli janrlarda əl işləri qonaqda böyük təəssürat yaradıb.