...

Ombudsman Aparatında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının eksperti ilə görüş keçirilib (FOTO)

Gündəm Materials 24 Noyabr 2021 20:04 (UTC +04:00)
Ombudsman Aparatında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının eksperti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) eksperti Natalia Qolovko ilə görüş keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşdə qonağa Ombudsman Səbinə Əliyeva tərəfindən səlahiyyətləri çərçivəsində görülmüş işlər, dövlət orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə geniş əlaqələri, habelə ictimai iştirakçılığın təmini, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş, əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı ölkədə görülmüş işlər barədə geniş məlumat təqdim olunub.

Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almaması, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etməsi və ekosid cinayətləri törətməsi, bununla bağlı Azərbaycan Ombudsmanının faktlar əsasında beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanat və müraciətlər beynəlxalq ekspertin diqqətinə çatdırılıb.

Hüquq müdafiə mexanizmlərinə çatımlılıq, mövcud pandemiya dövründə Müvəkkilin fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərin icrası, insan hüquqları sahəsində müraciət imkanlarının genişləndirilməsi ilə bağlı Ombudsmanın 916 Çağrı Mərkəzi və 7/24 rejimində fəaliyyətin effektivliyi, eləcə də poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr vasitəsilə mövcud müraciət imkanları Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə tərəfindən diqqətə çatdırılıb.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ölkə üzrə 3-cü “Ətraf mühitə dair fəaliyyətin icmal hesabatı”nın hazırlanması ilə əlaqədər məlumatların toplanması məqsədi daşıyan görüşdə beynəlxalq ekspertin Ombudsmanın geniş fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılıb.

Ombudsman Səbinə Əliyeva tərəfindən Vətən müharibəsi və postmüharibə dövründə Ermənistanın törətdiyi ekoloji cinayətlərin ifşası və qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanat və müraciətlərin nüsxələri beynəlxalq ekspertə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti