Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Qobu qəsəbəsində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.
Səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırıldığını qeyd edib. Rayonda yaşayan sakinlərin sayının surətli artımı nəticəsində yeni bağça və məktəb binalarına, tibb məntəqələrinə, əlavə infrastruktur layihələrinin reallaşdırılmasına ehtiyacın yarandığını önə çəkən başçı Abşeronun kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərin hazırlanacağını və bununla yanaşı qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində artıq bir sıra problemlərin həllinə nail olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən Qobu sakinləri qəsəbə ərazisində yeni məktəb, bağça və tibb məntəqələriniun tikilməsində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin sayının artırılmasında, yeni yaşayış massivlərinin qazlaşdırılmasında, işlə təmin olunmada, marşrut avtobuslarının sayının artırılmasında və qət etdikləri məsafənin uzadılmasında, içməli suyun verilmə müddətinin artırılmasında, idman kompleksinin tikilməsində, şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
* * *
Abşeron rayonunun Qobu qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Şəhidlər Xiyabanının açılış mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, Qobu qəsəbəsindəki Şəhidlər Xiyabanı 1918-ci il 31 Mart Azərbaycanlıların soyqırımı zamanı, İkinci Dünya Müharibəsində, Birinci Qarabağ, 2016-ci ildə baş vermiş Aprel döyüşlərində və Vətən Müharibəsində şəhid olan qobuluların xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılıb.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Azərbaycan xalqı “Dəmir yumruq” ətrafında sıx birləşərək mənfur düşmən üzərində qələbə qazanıb, 30 illik vətən həsrətinə birdəfəlik son qoyulub. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 gün davam edən Vətən Müharibəsinin hər düyüşündə uğurlu hərbi əməliyyyatlar keçirib və döyüş meydanında düşmən üzərində böyük zəfər qazanıb, ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri soyqırım və hərbi cinayətlərin, şəhidlərimizin qisasının döyüşdə, cəng meydanında alınıb. Bundan sonra da düşmən tərəfindən hər hansı bir hərbi təxribatlara cəhd halları müşahidə ediləcəksə, o zaman güclü ordumuz tərəfindən onların qarşısı dərhal alınacaqdır.
Sonra çıxış edən qəsəbə ağsaqqalları və şəhid ailələri Şəhidlər Abidəsinin əhəmiyyətindən danışaraq ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif layihələrin icra olunduğunu, abidənin yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Daha sonra RİH başçısı şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər də öz növbələrində ölkəmizdə dövlət səviyyəsində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
***
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, hərbi tapşırıqları yerinə yetirən zaman avtoqəza nəticəsində həlak olan Məmmədli Yusif Malik oğlunun Abşeron rayonunun Digah qəsəbəsində dəfn mərasimi keçirilib. Mərasimdə Abşeron Rayon İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin zabitləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib. Mayor Yusif Məmmədlinin ruhuna dualar oxunub, islam adətlərinə uyğun olaraq dəfn edilib, xatirəsi əziz tutularaq ruhuna ehsan verilib.
Allah rəhmət eləsin.
***
Azərbaycan xalqının zəfəri ilə yekunlaşan 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun adının əbədiləşdirmək məqsədi ilə əvvəllər yaşadığı Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa olunan Abidə Bulaq Kompleksinin açılışı keçirilib. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı çıxış edərək Azərbaycan xalqının qazandığı qələbədən, ordumuzun gücündən, müharibə vaxtı hərbçilərimizin həyata keçirdiyi və qarşısıalınmaz hərbi əməliyyatlardan, idiglərimizin göstərdiyi şücaətlərdən danışılb, işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən söz açıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezidenrt İlham Əliyevin rəhbərliyi altında qısa zamanda soydaşlarımız dədə-baba yurdlarına tezliklə geri dönəcəklər. Artıq bir-birinin ardınca rayonlarımızın, kəndlərimizin yenidən qurulduğunu, öz sakinlərinin yolunu gözlədiyini qeyd edən başçı ölkəmizin ərazi bütövlüyünün birdəfəlik təmin olunduğunu, Azərbaycan ordusunun düşmənin bütün təxribatının qarşısını almağa daim hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. RİH başçısı respublikamızda, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini və bu qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Sonra çıxış edən şəhidin valideynləri onlara dövlət səviyyəsində diqqətin göstərildiyini və buna görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndiriblər. Din xadimləri dualar oxuyub, ehsan süfrəsi açılıb.
***
Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən şəhid Baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlunun 26-cı doğum günü qeyd edilib.
Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar II Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Röyal Ələkbərovun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evinə gələrək onun ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. Abdin Fərzəliyev ailəyə bundan sonra da diqqət və qayğının daimi olaraq göstəriləcəyini qeyd edib.
Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.