Bakı. Trend:
"Beynəlxalq humanitar qanunun 81-ci maddəsinə əsasən Ermənistan minaları basdırdığı yerləri müəyyənləşdirməlidir.
Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bu gün keçirilən “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
"Beynəlxalq humanitar qanunun 81-ci maddəsinə əsasən Ermənistan minaların basdırıldığı yerləri müəyyənləşdirməlidir. Münaqişələr başa çatdıqdan sonra minalar mülki şəxslərin təhlükəszliyi üçün təmizlənməlidir. Mülki şəxslərə qarşı minalardan istifadə olunmamalıdır. Minalardan istifadə uşaqların həyatı təhlükəsizliyi üçün yolverilməzdir. Buna baxmayaraq minatəmizləmə əməliyyatları bir sıra çətinliklər törədir. Ermənistan tərəfi minaların xəritəsini təqdim etməyib. Nəticədə müharibədən sonra 250-dən çox insan həyatını itirib. Müharibədən sonra təkcə Zəngilanda 155 mindən artıq mina aşkarlanaraq götürülüb. Zəngilan və digər azad olunan ərazilərdə 300 mindən çox basdırılmış mina və digər partlayıcı sursatlar aşkar edilib", - sədr müavini qeyd edib.
Ç.Əsgərov bildirib ki, Ermənistan tərəfi Azərbaycana mina xəritələrinin siyahısını təqdim etsə də, bu xəritələr dəqiq olmayıb. "Füzuli rayonunda qəbiristanlıqlarda minalar aşkar edilib. Ermənistan müharibədən sonra da minalama əməliyyatı həyata keçirib. Ermənistan silahlı qüvvələri azad edilən ərazilərdən çəkilərkən minalama əməliyyatları aparıb. Ermənistan hələ də bu əməllərindən əl çəkmir, işğal etdikləri əraziləri Azərbaycana təhvil verdikdə həmin əraziləri minalayıb gedib. Beynəlxalq hüquqa görə Ermənistan minalanmış yerləri xəritələşdirib onları Azərbaycana təqdim etməlidir", - Ç.Əsgərov bildirib.