Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir X.Murtuzayeva/
İyulun 29-dək Moskvada RF Dövlət Arxivinin Sərgi zalında davam edəcək "İmperator II Nikolayın ailəsinin həlak olması. Bir əsr uzunluğunda istintaq" adlı sərgi Çar ailəsinə ölüm hökmünün oxunmasından sonra baş vermiş hadisələri tam bərpa edir. Bu barədə Trend ABŞ-ın "The Wall Street Journal" qəzetinə istinadən məlumat verir.
Sərgidə çıxış edən Dövlət Arxivinin direktoru və sərginin təşkilatçılarından biri Sergey Mironenko bəyan edib ki, indi Çar ailəsinin üzvlərinin və onların yaxın ətrafındakı şəxslərin cəsədləri tam öyrənilib və həmin gecə Romanovlardan heç birinin xilas olmadığı tamamilə sübuta yetirilib.
"Başqa sözlə, hətta Böyük Knyazın qızlarından ən kiçiyi, 17 yaşlı Anastasiya barədə deyilən romantik qaçışlar, Avropanı dolaşmalar və ya gizlədilmiş xəzinələr - heç biri olmayıb. Onun sağ qalması barədə şayiələr çoxsaylı film və teatr tamaşaları üçün material kimi xidmət edib", - müəllif Conatan Erl yazır.
Sovet hökumətinin bu barədə 1991-ci ilə qədər verdiyi bütün məlumatlar "Pravda"da tək bircə sətirdə dərc olunmuşdu. Orada deyilirdi ki, "Nikolay Romanov edam edilib, onun ailəsi isə təhlükəsiz yerə köçürülüb". Bu isə ailənin sağ qalması haqqında şayiələr doğurdu və dələduzlar ordusunun yaranmasına səbəb oldu.
Sergey Mironenko bütün mümkün tədqiqatların - DNT, DNT hüceyrə testlərinin, yumulu ağızda dişlərin vəziyyətinin analizi, antropoloji tədqiqatlar, müxtəlif materialların izlərinin analizinin aparıldığını bildirib. Müəllifin sözlərinə görə, sərgidə bu tədqiqatlardan çoxu - göstərilən qətl səhnəsinin sxematik təsviri, iştirakçıların harada dayandıqları, onların necə hərəkət etdikləri və hər bir güllənin trayektoriyasının necə olduğunun nəticələri nümayiş etdirilir.
Bundan başqa, sərgidə birinci araşdırmanın nadir materialları göstərilir. Məsələn, Romanovlar ailəsinin həkimi Yevgeni Botkinnin çənəsi, müstəntiqlərin cəsədlərin atıldığı şaxtada tapılmış bloknotlarındakı qeydlər və güllələr...
Məqalə müəllifinin yazdığına görə, sonuncusu ötən il başa çatan Sovet və Rusiya araşdırmalarının nəticələri Sovet rejimi dövründə verilən yalan məlumatlara və 70 il davam edən sükuta son qoymalıdır.