...

Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı müzakirələr siyasi blefdir - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2010 17:59 (UTC +04:00)
Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT, ATƏT və Avropa Şurasının qəbul etdiyi qətnamə və qərarlarda birmənalı olaraq Azərbaycan ərazi kimi tanınır. Eyni zamanda, Sovetlər İttifaqı dağılan zaman hər bir respublika öz müstəqilliyini elan etdikdə sərhədlər müəyyənləşib.
Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı müzakirələr siyasi blefdir - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT, ATƏT və Avropa Şurasının qəbul etdiyi qətnamə və qərarlarda birmənalı olaraq Azərbaycan ərazi kimi tanınır. Eyni zamanda, Sovetlər İttifaqı dağılan zaman hər bir respublika öz müstəqilliyini elan etdikdə sərhədlər müəyyənləşib. Ona görə də Ermənistan tərəfindən Qarabağın hansısa bir formada tanınması faktiki olaraq bu dövlətin işğalçı siyasətinin hüququ qiymət alması demək olacaq. Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

"Azərbaycan beynəlxalq müstəvidə müstəqil dövlət kimi tanınarkən Dağlıq Qarabağ da onun ərazisi kimi qəbul edilib. Ermənistan parlamentindəki bu müzakirələr siyasi blefdir", - Qurbanlı bildirib.

Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu xatırladan Qurbanlı qeyd edib ki, bu ərazilərdə Ermənistanın yaratdığı bu və ya digər qurumlar qanunaziddir. Onun sözlərinə görə, qondarma "DQR" adlanan qurumu yaradanlar faktiki olaraq Ermənistanın rəhbərləridir.

"Onların sırasında Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan kimilər öndə gedirlər. Ona görə də Ermənistan nə qədər çalışsa da, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını gizlədə bilmir və bilməyəcək. İşğalda olduğuna görə, burada Ermənistanın yaratdığı istənilən qurum qanunaziddir", - Qurbanlı əlavə edib.

YAP rəsmisi deyib ki, işğal olunmuş ərazilərimizdə yaradılmış oyuncaq rejimi Ermənistanın tanıyıb-tanımamasından asılı olmayaraq, bu, ölkəmizin tutduğu mövqeyə təsir göstərmir.

"Ermənistan parlamenti bu oyuncaq rejimi tanısa belə, beynəlxalq müstəvidə bu tanınma heç bir rol oynamayacaq. Beynəlxalq sənədlər yenə də həmin əraziləri işğal olunmuş hesab edəcək. Eyni zamanda, Ermənistan həmin qondarma qurumu tanısa belə, ikinci bir ölkənin bu addımı atması ehtimalı sıfıra bərabərdir. Bundan əlavə, bu məsələ Ermənistanın özündə də ciddi fikir ayrılığı yaradıb. Bütövlükdə bu cür addımlar sülh danışıqlarına və ATƏT-in barışdırıcı missiyasına zərbə vurur, eləcə də BMT səviyyəsində qəbul edilmiş sənədlərə zidd olan hərəkətlərə gətirib çıxarır", - Qurbanlı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti