Azərbaycan, Bakı, 28 yanvar/Trend müxbir A.Tağıyeva/
Türkiyə ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmasını dəstəkləyir, belə ki, Paris qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməklə obyektivliyini itirib. Trend-in şənbə günü məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "CNN Turk" telekanalına müsahibəsində deyib.
"Sarkozi Cənubi Qafqaza səfəri zamanı Ermənistanda iki gün olduğu halda, Azərbaycanda bir neçə saat qalıb. Bu, onun qeyri-obyektivliyinin göstəricisidir" , - Davudoğlu qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Nazir, həmçinin əlavə edib ki, əgər Fransa ATƏT-in Minsk qrupunda öz missiyasını davam etdirəcəksə, Türkiyə də bu qrupun üzvü olmalıdır.
Davudoğlunun sözlərinə görə, Fransanın bu qrupda sədrlik etməsi doğru deyil, belə ki, ölkə bu prosesdə neytrallığını itirib.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan artıq bəyan edib ki, Türkiyə Fransaya qarşı yeni sanksiyalar hazırlayır.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.