...

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyi sağlam əsasda qurulmayıb - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2012 12:56 (UTC +04:00)
Avropa İttifaqının DQ münaqişəsinin tənzimlənməsindəki mövqeyi, regional siyasəti sağlam əsasda qurulmayıb.
Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyi sağlam əsasda qurulmayıb - politoloq

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir M.Əliyev/

Avropa İttifaqının DQ münaqişəsinin tənzimlənməsindəki mövqeyi, regional siyasəti sağlam əsasda qurulmayıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Aİ bir tərəfdən Azərbaycan qazını Avropaya aparmaq istəyir, digər tərəfdən DQ və digər məsələlərdə Ermənistana dəstək verir.

"2010-cu ilin sonunda Rusiya Prezidenti Dmitri Medvedev Aİ-yə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsində birgə fəaliyyət göstərməyi təklif etdi. Aİ DQ məsələsində Rusiya ilə birgə işləməyi kənara qoyaraq, Dnestryanı münaqişənin tənzimlənməsində birgə fəaliyyət göstərməyə razılıq verdi", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Lefor Ermənistana etdiyi səfər zamanı münaqişənin tənzimlənməsi üzrə Soçi bəyanatının mahiyyətinə uyğun gəlməyən, əvvəlki sənədlərdə əks olunan bəyanatları təkrar etməyə başladı. "Bununla da Lefor Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneçilik törədən Ermənistana Aİ adından dəstək nümayiş etdirdi", - politoloq vurğulayıb.

Əhmədoğlu həmçinin bildirib ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində altı dövlətdən dördü ilə azad ticarət müqaviləsinə qoşulmaq haqqında danışıqlara başlamağa qərar verən Aİ Azərbaycanı kənarda qoyub.

Soçi bəyanatına şərh verərkən politoloq qeyd edib ki, bu, vasitəçilərlə birlikdə ermənilərin DQ münaqişəsinin tənzimlənməsinə maneçilik törədən şlaklarından təmizlənmiş ilk sənəddir. "Bu sənəddə dinc tənzimləmədən deyil, tənzimləmədən danışılır", - o deyib.

Mərkəz direktorunun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan sonuncu müsahibələrdən birində Rusiyanın, eləcə də onun prezidenti Dmitri Medvedevin fəaliyyətinin əhəmiyyətini kiçiltməyə çalışır. "Qoşunların təmas xəttində baş verənlərin tədqiqi məsələsi Soçi bəyanatında mövcuddur, amma bu sənəddə tərəflər arasında inam və etimad tədbirlərinin möhkəmləndirilməsi istiqamətində daha konkret danışılıb. Ziyalıların, elm adamlarının və ictimaiyyətin nümayəndələrinin görüşü aydın şəkildə bəyanatda göstərildiyi halda, Nalbandyan bunu şərh etməkdən yayınmağa cəhd edir", - Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Soçi bəyanatında yayğın şəkildə danışılan etimad tədbirləri barədə Nalbandyan geniş şəkildə danışdığı halda, həmin bəyanatda aydın şəkildə göstərilən ictimaiyyət nümayəndələrinin görüşündən qətiyyən danışmır.

"Ermənistanın məqsədi aydındır: nə yolla olursa olsun, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneçilik törətməklə, vaxt udmaq. Amma rəsmi Yerevan bunu təkbaşına edəcəyinə və ya gücü çatacağına əmin deyil. Ona görə son anda Aİ-yə üz tutdu. Aİ-nin DQ münaqişəsinin tənzimlənməsindəki mövqeyi, regional siyasəti sağlam əsasda qurulmayıb", - Əhmədoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti