...

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş zərərin ödənilməsinin hüquqi aspektləri müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2012 14:34 (UTC +04:00)
Bu gün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, gələcək nəsillərə qayğı" mövzusunda elmi-praktik konfrans keçirilib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş zərərin ödənilməsinin hüquqi aspektləri müzakirə olunub

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, gələcək nəsillərə qayğı" mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, AMEA İnsan Hüquqları İnstitutu və Sosial Rifah Partiyası tərəfindən təşkil olunmuş konfransda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş zərərin ödənilməsinin hüquqi aspektləri haqqında məruzələr edilib.

Tədbiri giriş sözü il açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsinin ən mühüm aspektlərindən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə onun beynəlxalq hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi, habelə Azərbaycana dəyən maddi və mənəvi zərərin ödənilməsinə yönəlmiş kompleks məsələlərin həllidir.

Millət vəkili qeyd edib ki, beynəlxalq hüquq baxımından Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət daşıması heç bir şübhə doğurmur.

Mustafayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq beynəlxalq hüquq baxımından Ermənistanın məsuliyyətini iki növə ayırmaq olar.

"Ermənistanın dünya dövlətləri birliyi qarşısında məsuliyyəti ilk növbədə onun Azərbaycana qarşı təcavüzünün dayandırılmasını və işğal olunmuş ərazilərdən bütün hərbi qüvvələrinin çıxarılmasını, təcavüzün nəticələrinin aradan qaldırılmasını, təcavüzkar müharibənin törədilməsində və dinc əhaliyə qarşı Xocalı soyqırımının həyata keçirməsində günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin Ermənistanın Azərbaycan xalqından rəsmən üzr istəməsini tələb edir", - millət vəkili deyib.

Ermənistanın konkret iqtisadi zərər vurmasına görə Azərbaycan qarşısında məsuliyyətindən danışan Mustafayeva qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitki və heyvanat aləminə böyük iqtisadi və mənəvi ziyan vurulub.

"Ermənistanın Azərbaycana vurduğu konkret maddi və mənəvi ziyana görə məsuliyyət daşıması bu ziyanın tam həcmdə ödənilməsi zərurəti yaradır. Belə ki, beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət özünün hüquqazidd davranışı ilə vurduğu ziyanı tam ödəməlidir", - millət vəkili deyib.

Tədbirdə çıxış edən digər iştirakçılar da Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitki və heyvanat aləminə böyük iqtisadi və mənəvi ziyan vurulduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti