...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2012 02:01 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub, ilk xəbər 21:11-də yayılıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 10-13-də regiona səfər ediblər. Onlar Bakı və Yerevanda olarkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək məqsədilə prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Trend-in ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Minsk qrupunun bəyanatında deyilir.

Həmsədrlər bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ölkələrinin qətiyyətli fikrini bir daha vurğulayıblar.

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Paris görüşündəki müzakirələr davam etdiriblər. Onlar cəbhə xətti boyunca ən son insidentlərdən narahatlıqlarını ifadə edib, sülh əldə etmək üçün tərəflərin siyasi iradəsini təsdiqləyiblər.

Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair hesabatlarla bağlı tərəflər mülki hava nəqliyyatı vasitələrinə qarşı güc tətbiqindən imtina etmələrini, məsələni diplomatik vasitələrlə həll etmələrini və mövzunu siyasiləşdirməyəcəklərini təsdiqləyiblər.

Həmsədrlər təsdiq ediblər ki, aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişmək üçün hansısa iddianı dəstəkləmək üçün istifadə oluna bilməz, həmçinin tərəfləri beynəlxalq hüquqa əsaslanaraq və öz əraziləri üzərindən uçuşların hazırkı təcrübəsinə uyğun olaraq hərəkət etməyə cağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti