...

Azərbaycanın müxalif partiyasında islahatlar aparılacaq - sədr

Siyasət Materials 7 Fevral 2008 14:24 (UTC +04:00)
Azərbaycanın müxalif partiyasında islahatlar aparılacaq - sədr

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı Ədalət Partiyasında (ƏP) yaranan fikir ayrılıqlarını normal qarşılamaq lazımdır. Bu barədə cümə axşamı jurnalistlərə partiyanın sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Partiyada prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb. Partiyanın sədri müavini vəzifəsini icra edən Elxan Şükürlü Trend ə təmsil etdiyi qurumun seçkilərə qatılmasının əleyhinə olduğunu deyib. O hesab edir ki, milli maraqlar naminə müxalifət iqtidarın namizədini dəstəkləməlidir. ƏP sədrinin digər müavini vəzifəsini icra edən Mütəllim Rəhimli isə bildirib ki, partiyanın öz namizədi ilə seçkilərdə iştirakı üçün potensialı kifayət qədərdir.

İsmayılov bildirib ki, partiyadakı hər hansı fikir ayrılıqları qeyri-adi qarşılanmamalıdır. Onun sözlərinə görə, partiya hələki seçkidə iştirakla bağlı mövqeyini müəyyən etməyib. İsmayılov partiyanın seçki kampaniyası başlanan ərəfədə seçkilərlə bağlı yekun mövqeyini açıqlayacağını deyib.

O deyib ki, partiyada kadr dəyişiklikləri ediləcək. İsmayılov bildirib ki, müavinlərinin dəyişdirilməsi nəzərdə tutulur. "Elə müavinlər var ki, onlar əvvəlki işlərində çalışmaq istəmirlər. Elələri də var ki, onları irəli çəkmək lazımdır" İsmayılov əlavə edib.

Ötən ilin sonlarında Ədalət Partiyasının qurultayı keçirilib. İsmayılov növbəti dəfə partiyanın sədri seçilib. Ancaq indiyə qədər sədrin müavinləri təyin olunmayıb.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti