...

Azərbaycan Qarabağ separatçılarının Rusiya Dumasında iştirakının qarşısını almaq üçün tədbirlər görür

Siyasət Materials 26 Fevral 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ separatçılarının martda Rusiya Parlamentinin aşağa palatasında MDB məkanında mövcud olan "dondurulmuş münaqişələr"lə bağlı keçirilməsi planlaşdırılan dinləmələrdə iştirakının qarşısını almaq üçün tədbirlər görür. "Azərbaycanın Xarici İşlər Nazirliyi və Rusiyadakı səfir Polad Bülbüloğlu bu məsələ ilə məşğuldur və lazımı addımlar atılır" - deyə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Rusiya Parlamenti aşağa palatasının (Dövlət Duması) MDB ölkələri ilə iş və həmvətənlilərlə əlaqə üzrə Komitəsinin sədr müavini Konstatin Zatulin bildirib ki, Qarabağ separatçılarının nümayəndə heyəti  Rusiya Dövlət Dumasında martda keçiriləcək MDB ərazilərindəki münaqişələrlə bağlı dinləmələrə dəvət olunub.

MDB məkanında dörd "dondurulmuş münaqişə" mövcuddur. Bunlar Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və Moldovada Dnestryanı bölgədə mövcud olan münaqişələrdir.

Prezident Aparatının rəsmisi hesab edir ki, Dağlıq Qarabağ separatçılarının Dumadakı dinləmələrə dəvət olunması Rusiyanın mövqeyini əks etdirmir: "Bu, heç Rusiya Dövlət Dumasının da mövqeyi deyil. Dumadakı bəzi qruplar belə bir dinləmələr keçirmək istəyir. Lakin dinləmələrin baş tutub-tutmayacağı məlum deyil".

Məmmədov qeyd edib ki, MDB dövlət başçılarının fevralın 22-də keçirilən sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putinin görüşündə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub: "Vladimir Putin bir daha bildirdi ki, Rusiya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək". Prezident Aparatının rəsmisi bildirib ki, Rusiyada bəzi dairələr var və onlar Dağlıq Qarabağla bağlı müəyyən işlər görmək istəyirlər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti