...

Azərbaycan seçicilərinin 78,6 faizinin MSK-nın internet saytlarının mövcudluğundan xəbərsiz olması iddia edilir

Siyasət Materials 25 İyul 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan seçicilərinin 78,6 faizi Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytlarının ( www.cec.gov.az- www.infocenter.gov.az )mövcudluğundan məlumatlı deyil. Trend -un məlumatına görə, bu, "Els" Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğu 2007 və 2008-ci illərdə Bakı və Sumqayıtda keçirilib. Sorğu zamanı 2200-ə yaxın respondentin rəyi öyrənilib.

"Els" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova cümə günü keçirdiyi brifinqdə vurğulayıb ki, respondentlərin yalnız 4,7 faizi MSK-nın saytlarından istifadə etdiyini nəzərə çatdırıb. Rəyi soruşulanların 14,3 faizi internetə mobil telefondan qoşulduğunu əsas gətirərək MSK saytlarının WAP versiyasının olmadığını bildirib.

Yaqubova MSK-nın saytlarının monitorinqinin aparıldığını da söyləyib. O deyib ki, nəticədə saytlarda 2003-cü il prezident seçkilərinə, həm də qarşıdan gələn 2008-ci il prezident seçkilərinə aid məlumatlar yox dərəcəsindədir. Yaqubova MSK-nın saytlarının təkmilləşdirilməsi üçün bir sıra təkliflər verib. Təkliflərdən biri ondan ibarətdir ki, mobil telefondan qoşulmaq üçün MSK saytlarının WAP versiyası yaradılmalıdır.

MSK katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov isə cümə günü Trend -a bildirib ki, sorğunun nəticələrini obyektiv qiymətləndirmək olmaz. Onun sözlərinə görə, MSK bir müddətdir ki, qarşıdan gələn seçkilərlə bağlı maarifləndirmə işlərinə başlayıb. MSK-nın hazırladığı və televiziyalarda nümayiş etdirilən reklam roliklərində qurumun saytları barədə də məlumat yer alıb. "Belə olduğu halda əhalinin əksər təbəqəsinin MSK-nın saytlarının mövcudluğundan xəbərsiz olmasını iddia etmək qeyri-ciddi təsir bağışlayır", - deyən Qasımov onu da vurğulayıb ki, MSK-nın saytlarında seçkilərlə bağlı bütün qərarlar, təlimatlar yerləşdirilib. O ki qaldı MSK-nın saytlarının WAP versiyasının yaradılması məsələsinə, Qasımov deyib ki, bu bir qədər çətin məsələdır. "Biz WAP versiyasını hazırlamağı nəzərdə tutmuşduq. Lakin mobil telefonlarda "ə" hərfini yazmaq olmur. Bu baxımdan hər hansı "Əli" adlı şəxsin www saytına daxil olub, adını axtarması çətinlik yaradır. Ona görə bu məsələni müvəqqəti təxirə saldıq", - deyə Qasımov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti