Azərbayan, Gəncə, 09 oktyabr/ Trend , müxbir V.Məmmədov/ Azərbaycan prezidentliyinə müxalifəti təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) namizəd, deputat Qüdrət Həsənquliyevin ölkənin ikinci böyük şəhəri olan Gəncədə seçicilərlə görüşü baş tutmayıb.
"Görüşün baş tutmamasına şəhər İcra Hakimiyyətinin müraciətimizə gec cavab verməsi səbəb olub",- bu barədə cümə axşamı Trend -unBAXCP təmsilçisi Eldəniz Namazov bildirib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Namazovun sözlrinə görə, sentyabrın 28 - də Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, onlara oktyabrın 6 - da cavab verilib.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əsasən, icra hakimiyyəti orqanları müraciətə tədbirin təyin olunduğu günə üç gün qalmış cavab verməlidir. Gəncə Şəhər İcra Hakimiyyəti bu cavabı gecikdirdiyindən, biz təşkilati işləri yerinə yetirə bilmədik və görüş baş tutmadı", - deyə BAXCP təmsilçisi əlavə edib.
Gəncə Şəhər İcra Hakimyiyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov isə, bildirib ki, BAXCP - nin Gəncədə görüş keçirmək istəyinə cavab vaxtında, oktyabrın beşində verilib. "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əsasən, görüş keçirilməsinə 3 gün qalanadək müraciətə cavab verməlidirlər.
"Biz oktyabrın beşində partiya təmsilçisinə cavab verdik və onlar tədbirlərini keçirə bilərdilər. Bunun üçün bütün texniki tədbirlər görülmüşdü", - deyə icra hakimiyyətinin rəsmisi əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]