Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunan şəxs tutulub. Polislər tərəfindən saxlanılan 1977-ci il təvəllüdlü Bakı sakini Həsən Əli oğlu Həsənov bir neçə vətəndaşdan xeyli miqdarda pul alıb mənimsəməkdə təqsirli bilinir. Bu barədə Suraxanı rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend -a məlumat verilib.
Suraxanı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərin nəticəsində bu ilin əvvəlində Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178. 2.4-cü) maddəsi ilə barəsində axtarışa elan olunan Həsənov çümə axşamı Azərbaycanın qərbində yerləşən Şəmkir rayonunda (Bakının 320-ci kilometrliyində) yaxalanaraq istintaqa təhvil verilib.
RPİ-dən bildiriblər ki, Həsənov müxtəlif vaxtlarda torpaq, ev alıb-satmaq və işə düzəltmək adi ilə bir neçə vətəndaşdan xeyli miqdarda pul alaraq mənimsəyib. İstintaq aparıldığı üçün Həsənovun zərərçəkənlərə vurduğu ziyanın məbləği konkret açıqlanmır.
Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]