Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan qadınlar və kişilər arasındakı bərabərliyin səviyyəsinə görə, dünyada 61-ci pillədədir. Dünya İqtisadi Forumunun 2008-ci il üçün illik hesabatında bu haqda məlumat verilir.
2007-ci ildə eyni hesabatda 59-cu yeri tutan Azərbaycan, bir il ərzində 61-ci yerə düşüb.
Hesabatın reytinq cədvəlinin ilk 10 yerlərini Norveç, Finlandiya, İsveç, İslandiya, Yeni Zelandiya, Filippin, Danimarka, İrlandiya, Niderland və Latviya tutur.
Forumun məlumatına görə, hazırda dünyada qadınlar və kişilər arasında siyasi hüquqlar (14%) və iqtisadi fəaliyyətə (57%) görə bərabərsizliyin aradan qaldırılması çox zəif gedir.
Azərbaycanın qadınlar və kişilər arasındakı bərabərliyin səviyyəsinə görə bu sırada yer alması ölkədə uzun illər ərzində idarəetmə fəaliyyətinin kişilərin əlində cəmləşməsi ilə əlaqədardır.
Son illər bununla bağlı stereotipləri bir qədər sarsıtmaq mümkün olsa da, problem hələ də qalır. Dövlət qurumlarında, idarə və müəssisələrdə kişilər əksəriyyət təşkil edir, eyni zamanda qadınlar kişilərə nisbətən rəhbər vəzifələrdə olduqca az təmsil olunurlar, bu səbəbdən onların qərarların qəbuluna təsiri azdır. Amma cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz fakt olaraq qalır.
Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb.
Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.
Konstitutsiyanın 55-ci maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarının, eləcə də qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, eləcə də referendumda iştirak etmək hüququ var.
Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verib.
Fərmanda bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə qanunlarda dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib.
Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb.
Lakin bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.
Ekspertlər qadınların idarəetmə strukturlarında az təmsil olunmasını bir neçə səbəblə əlaqələndirirlər. Səbəblər sırasında cəmiyyətdə kişi və qadın işlərinin bölünməsi, qadınlar üçün onları əhatə edən stereotipləri, əxlaq normalarını yarmağın çətin olması və s. yer alır.
Ekspertlər hesab edirlər ki, məcburi qaydalar müəyyən edən belə qanunların qəbulu ilə cəmiyyətdəki stereotipləri yarmaq və qadınların fəallaşdırılması üçün uyğun tədbirlər görmək zəruridir.
Ekspertlər qadınların yüksək vəzifələrdə yer tuta bilməməsinin səbəbini əlverişli şəraitin olmaması ilə əlaqələndirir və hesab edirlər ki, bunun üçün əlverişl şərait və bərabər imkanlar yaradılmayıb.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda qadınların daha çox iqtisadi hüquqları pozulur. İşəgötürənlər kişilərə üstünlük verirlər, çünki qadın məişət qayğıları ilə bağlı olaraq işdən daha çox yayına bilər. Nəticədə isə, qadınlar özləri istəməsələr də, evdar qadın olurlar və cəmiyyətin həyatında fəal iştirakdan kənarda qalırlar.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend -a bildirib ki, Azərbaycanda kişilər praktiki olaraq bütün sahələrdə üstünlük təşkil edirlər, qadınlarımızın qərar qəbul olunmasındakı iştirakı qaneedici səviyyədə deyil. Onun fikrincə, Azərbaycan üçün qeyri-bərabərliyin yaratdığı problemlər xüsusən aktualdır, çünki ənənəvi olaraq burada müəyyən "patriarxal" münasibətlərə meyl var və qadınların işləməsi, siyasətə cəlb olunması əksər hallarda neqativ reaksiyaya səbəb olur.
"Hesab edirik ki, diskriminasiyanın aradan qaldırılması, cəmiyyətdə şəxsiyyətin özünü reallaşdırması, onun sosiallaşması üçün nisbətən bərabər şəraitin yaradılması baxımından siyasi mədəniyyəti artırmaq istiqamətində maarifləndirmə işləri aparılmalıdır", - deyə Komitə rəsmisi vurğulayıb.
Dünyada dövlət başçılarının 5 faizi qadınlardır
BMT-nin qadınların siyasətdə rolu ilə bağlı bölməsi və Beynəlxalq Parlamentlər Birliyinin ötən ilin sonu açıqladığı məlumatda qeyd olunur ki, qadınların siyasətdə rolu artsa da, bu proses çox ləng gedir.
İndi dünyada deputatların cəmi 17-18%-i qadındır, nazirliklərin 16%-ni qadınlar idarə edir. Parlament spikerlərinin 10%-i, dövlət başçılarınınsa 5%-i qadınlardır.
Üç il əvvəllə müqayisədə indi parlamentdə qadınların sayı çox olan ölkələrin sayı artıb. 20-yə qədər ölkədə parlamentdəkilərin 30%-i qadındır. Deputatların 40%-i qadın olan ölkələrin sayı daha çoxdur. Qadın deputatların sayına görə, birinci yerdə Ruanda gəlir. Bu ölkədə parlament üzvlərinin 48%-i qadındır. İkinci yerdə 47 faizlə İsveç, üçüncü yerdə 41 faizlə Finlandiya qərarlaşıb.
Son illər Cənubi Amerika ölkələrində də deputat qadınların sayı artıb və 20%-i keçir.
Qadın deputatların sayına görə, ən aşağı göstərici ərəb ölkələrindədir, cəmi 9%. Yalnız Birləşmiş Ərəb Əmirliklərində bu baxımdan sıçrayış olub. Əvvəl qadın deputatı olmayan Ərəb Əmirliklərində indi deputatların 22%-dən çoxu qadındır. Amma qadınsız parlamentlər də var, belə parlamentlərin sayı 7-dir.
Bir neçə il əvvəl qadın naziri olmayan 19 ölkə vardı. İndi belə ölkələrin sayı azalıb, 13-ə düşüb. Ən çox qadın naziri olan ölkə Finlandiyadır, burada nazirlərin yarıdan çoxu qadındır.
Dünyada cəmi 192 prezident var, onun da 8-i qadındır.
Azərbaycanda nazir qadın yoxdur
Dövlət Statistika Komitəsindən Trend -a bildirilib ki, ölkədə 8 milyon 730 min əhalinin 49 faizi kişi, 51 faizi qadındır.
İlkin məlumatlara görə, iqtisadi fəal qadınlar - 2 milyon 82 min, məşğul qadınlar - 1 milyon 963 min, muzdla işləyənlər - 615,1 min, muzdsuz-özü məşğul olanlar - 1 milyon 348 min nəfər təşkil edir.
Dövlət sektorunda - 475,5 min, qeyri-dövlət sektorunda - 1 milyon 487,6 min qadın çalışır.
Kənd təsərrüfatı ilə məşğul olan qadınlar - 838,7 min nəfər, elektroenergetika, qaz və su təchizatı sahəsində - 6,1 min, tikinti sahəsində - 17 min, ticarət - 432,3 min, mehmanxana və restoran sektorunda - 8,4 min, nəqliyyat, rabitədə - 31,9 min, dövlət idarəetmə və müdafiə, məcburi sosial təminat sahəsində - 70,2 min nəfər, təhsildə - 220,1 min, səhiyyə və sosial xidmətlərdə - 136,4 min qadın var.
Toxunulmazlıq hüququ olan -səfirlik, nümayəndəlik və konsulluqlarda 600 vətəndaşdan 20-si qadındır.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib ki, respublikda qadınların qərar qəbuletmədə və hаkimiyyət оrqаnlаrındа iştirakı getdikcə artmaqdadır. 31 yеrli icrа hаkimiyyəti bаşçıсının müavini qadınlаrdır. O cümlədən, Azərbaycanda parlamentin 125 deputatından 14-ü qadındır, bu isə parlamentin 11%-i deməkdir. Parlament sədrinin 3 müavinindən 1-i, komissiya sədrlərindən biri qadındır.
Konstitusiya Məhkəməsinin sədr müavini, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və 2 müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 4 nazir müavini, хаrici ölkələrdə bir səfir və bir dаimi nümаyəndə, insan hüquqları üzrə müvəkkil (ombudsman), Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) qadındır.
Komitənin məlumatına görə, Azərbaycanda qadınlar təhsil və səhiyyə sahəsində daha çoxdur və müvafiq olaraq 67,9% və 70,2% təşkil edir.
Mərkəzi Seçki Komissiyasının 16 üzvündən 4-ü, 125 Dairə Seçki Komissiyası sədrindən 3-ü qadındır. MSK-larda da qadınlar var, amma onların əksəriyyəti üzvlərdir.
Qadınlar daha çox qeyri-hökumət təşkilatlarında fəallıq nümayiş etdirirlər. Belə ki, ölkədə 90-a yaxın QHT qadın təşkilatı fəaliyyət göstərir.
Azərbaycanda nazir qadın yoxdur. Səksənədək rayon icra hakimiyyəti başçısı arasında da qadın yoxdur.
Qadınların hakimiyyət orqanlarında iştirak kvotalarının müəyyənləşməsi zəruridirmi?
BMT-nin qadınların vəziyyətini yaxşılaşdırmaq üçün 1991-ci ildə verdiyi tövsiyələrdə qadınlarla bağlı 30 % kvota dövlət orqanlarının demokratikləşdirilməsi üçün minimal göstərici sayılıb.
Norveçdə qadınların hakimiyyət orqanlarında iştirak kvotası azı 30 %, İsveç parlamentində 51% müəyyən olunub.
Bir qrup ekspert kvotanın müəyyən edilməsinin tərəfdarı deyil. Qadınların iştirak kvotalarının müəyyən olunmasını bir çoxları qadınları aşağılayıcı tədbir kimi qiymətləndirir. Onların fikrincə, işə qəbul üçün seçilmə meyarı hansı cinsə mənsubluq deyil, savad, qabiliyyət olmalıdır.
Bu fikirlə razılaşmayan ekspertlər isə hesab edirlər ki, kvotanın qoyulması ilkin dövrlərdə çətinliklər yaratsa da, sonradan istənilən nəticəni verə bilər.
Ombudsman Elmira Süleymanova Trend -a açıqlamasında qadınların dövlət hakimiyyətində iştirak kvotasının müəyyənləşdirilməsinin tərəfdarı olmadığını bildirib: "Kvotanın əleyhinəyəm. Təsəvvür edin ki, hansısa sahədə bizim peşəkar qadınların sayı çoxdur. Təbii ki, onlar həmin sahədə cox təmsil olunacaqlar. Hansı sahədə peşəkarlar azdırsa, o sahəyə kvota tətbiq edilsə, ora qeyri-peşəkarlar cəlb olunacaq. Biz əksər sahələrdə qadınların çalışmasına maraqlı olmalıyıq".
Dövlət Komitəsinin sədr müavini Qəhrəmanova da kvotanın müəyyənləşməsinin tərəfdarı deyil.
O bildirib ki, demokratik cəmiyyətdə daha çox bərabər imkanlardan danışmaq yerinə düşərdi. Onun fikrincə, əgər gender bərabərliyindən danışırıqsa, kişi və qadınlara bərabər imkanlar yaradılmalı və hakimiyyət orqanlarında kimin təmsil olunacağı cinsi mənsubiyyətə görə deyil, həmin insanın peşə səriştəsinə, əxlaqi keyfiyyətlərinə, dünyagörüşünə, biliklərinə görə müəyyən olunmalıdır.
Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var
Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertlər hesab edirlər ki, Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var.
Daxili İşlər Nazirliyindən Trend -a verilən məlumata görə, daxili işlər orqanlarında 615 qadın əməkdaş çalışır. Onlardan 219-u zabit, 386-sı sıravi və orta rəis heyətinə daxildi.
Qadın zabitlərdən 80 nəfəri hüquqşünasdı. Onlardan 19-u xidməti fəaliyyətində irəli çəkilərək rəhbər vəzifələrə təyin olunub. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların arasında idarə rəisinin müavini, idarə rəisinin köməkçisi, kafedra, poliklinika, şöbə və bölmə rəisləri var.
DİN-dən bildirilib ki, rayonlarda daxili işlər orqanları əməkdaşları sırasında qadınlar çox azdır. Nazirlikdən o da bildirilib ki, əvvəlki illərlə müqayisədə ötən il orqanlara işə götürülən qadınların sayı artıb.
Məhkəmə Hüquq Şurasından isə bildiriblər ki, hakimlərin 12 faizi qadındır. 5 hakim isə məhkəmə və kollegiya sədrləridir.
Vəkillər Kollegiyasının 700-dən artıq üzvündən 105-i qadındır. Onlardan 6-sı hüquq məsləhətxanasının, 1-i isə vəkillər bürosunun sədridir.
Ədliyyə orqanlarında 876 xanım çalışır. Onlardan 88-i vəzifədədir. Vəzifədə olanlar arasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrinin rəisləri, notariuslar, şöbə rəisləri də var.
Baş Prokurorluqdan isə bu sistemdə çalışan qadınların sayı barədə məlumat verilməyib.
Azərbaycanda "Qadın Hüquqşünaslar" layihəsi üzrə 2007-ci ildə keçirilən monitorinqin nəticəsində qadın hüquqşünasların peşə fəaliyyətinə və ictimai fəallığına mane olan səbəblər müəyyənləşdirilib.
2007-ci ilin ikinci yarımilində aparılan monitorinq zamanı müəyyən edilib ki, ölkədə müvafiq infrastruktur sahələrinin dağılması nəticəsində qadın hüquqşünasların bir çoxu professional fəaliyyətlərinə son qoymaq məcburiyyətində qalıb.
Məsələn ailəli, xüsusən də körpə uşaqları olan qadın hüquqşünaslar övladlarını körpələr evinə və uşaq bağçalarına verə bilmirlər. Nəticədə qadın hüquqşünasların bir qismi iş yerlərini tərk edərək uşaqlarını saxlamaqla məşğul olur.
Dövlət qulluğunda və özəl sektorda çalışan hüquqşünas qadınların bir çoxu analıq məzuniyyətindən və sosial məzuniyyətlərdən sonra iş yerlərini itirməli olur. Baxmayaraq ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə və üç yaşınadək uşağı olan qadınların işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsi qadağandır.
Özəl sektorda isə ümumiyyətlə sosial məzuniyyətdən sonra əvvəlki işə bərpa olunmaq əksər halda mümkün olmur.
Hesabatda qeyd olunur ki, qadın hüquqşünaslara vəkillik fəaliyyəti ilə məşğul olmağa ciddi əngəl yaradan problemlərdən biri də istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə müdafiə etdikləri şəxslərlə görüşə gedərkən ortaya çıxır. Qadın hüquqşünaslar bəzən polis idarələrinin və istintaq təcridxanalarının qarşısında uzun müddət gözləməli olurlar. Bu isə qadın vəkillərin ailə problemlərini həll etmələrinə problem yaradır.
Dövlət qulluğuna, müəyyən vəzifələr üzrə vakant yerlərə keçirilən imtahanlarda, müsabiqələrdə qadın hüquqşünasların az sayda təmsil olunmasının ciddi səbəblərindən biri də onların kişilərə nisbətən məlumatsız olmaları ilə bağlıdır.
Mövcud adət-ənənə bir çox hüquqşünas vəzifələrində qadınların çalışmasının qarşısını alır. Polis,
gömrük, vergi orqanlarında qadın hüquqşünasların bəzi vəzifələr üzrə işləmələrini çətinləşdirən səbəblərdən biri də adət-ənənələrlə bağlıdır.
Ekspertlər hesab edirlər ki, bu diskriminasiyanın aradan qaldırılması üçün hüquq-mühafizə orqanları strukturun kvotasını hazırlamalı və hər bir strukturda qadınların çalışmasına imkan verilməlidir.
Hüquqşünas Əlövsət Əliyev isə bildirib ki, hüquq-mühafizə orqanlarının rəhbərlərindən xanımları şöbə və idarələrə rəhbər təyin etmələri tələb olunmalıdır. Onun fikrincə, hər polis idarəsində, şöbəsində, prokurorluqda ən azı bir xanım işləməlidir.
Ombudsman Süleymanova Trend -a bildirib ki, qadınların hakimiyyət orqanlarında iştirakı ildən-ilə artmalıdır.
Ombudsmanın sözlərinə görə, bəzi şərq ölkələrində əhalinin az hissəsi təhsillidir. Azərbaycanda isə savadsızlıqla bağlı problem yoxdur .
"Bəzi ailələrdə maddi vəziyyəti yaxşı olan kişilər hesab edirlər ki, yoldaşının işləməsi izafidir. Xüsusən rayonlarda xanımlara işləməyə icazə verilmir. Söhbət qadının nə qazanacağından getmir. Qadın işləməklə yalnız pul qazanmır, həm də özünün potensialını gerçəkləşdirir, biliyi, bacarığı artır. Bunun da uşaqların tərbiyəsində rolu var. Azərbaycan ailəsinin möhkəmlənməsi sütunlarından biri də qadının idarəetməyə cəlb edilməsidir", - ombudsman vurğulayıb.
Süleymanova qadınlara qanunlarda, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarını həyata keçirmək üçün bərabər imkanlar yaradılmasını vacib sayır.
Onun fikrincə, hazırki göstəricilər Azərbaycan qadının potensialına cavab vermir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov Trend -a bildirib ki, Dövlət Komissiyasının fəaliyyəti dövründə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 müsabiqə və 4 müsahibə keçirilib.
Bu müsabiqə və müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçən 8109 namizəddən 1772 nəfəri müsabiqələr, 68 nəfəri isə müsahibələr üzrə olmaqla 1840 nəfərini qadınlar (qeydiyyatdan keçmiş namizədlərin ümumi sayının 22,69%-i) təşkil edib.
Müsabiqə və müsahibələrin nəticəsində uğur qazanaraq vakant dövlət qulluğu vəzifəsinə təyin olunanların 115 nəfəri (təyinat alanların 22,33%-i) qadındır.
Sədr müavini kişi namizədlərin qadın namizədlərdən 3,58 dəfə çox olmasını bir neçə faktorla əlaqələndirir.
Birinci faktor - orta statistik azərbaycanlı ailəsində qızlara peşəni adətən valideynlər seçir. Valideynlərin isə seçimi ənənəvi olaraq ya təhsil, ya da səhiyyə sahəsi olur. Buna görə də səhiyyədə və təhsildə çalışanların çoxu qadınlardır.
İkinci faktor - dövlət qulluğunda qadınlar əsasən mühasibatlıq və kargüzarlıq sahələrini əhatə edən vakant dövlət qulluğu vəzifələrinə üstünlük verirlər.
Üçüncü faktor - müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin böyük bir qismi dövlət orqanlarının yerli şöbələrində və tabe təşkilatlarındakı boş yerlər olub.
Komissiya rəsmisinin sözlərinə görə, Bakı, Gəncə və digər böyük şəhərlərdən fərqli olaraq, rayonlarda qadınların ictimai fəallığı aşağı olduğu üçün yerlərdəki vakansiyaları tutmaq məqsədi ilə müraciət edənlərin mütləq əksəriyyətini kişi namizədlər təşkil edib.
Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirdiyi müsabiqə və müsahibələr zamanı qadınların daha çox Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (193 namizədin 77,72%-i), Təhsil Nazirliyinə (293 namizədin 45,05%-i), Mədəniyyət və Turizm Nazirliyinə (345 namizədin 39,13%-i), Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (457 namizədin 26,26%-i), Dövlət Miqrasiya Xidmətinə (791 namizədin 21,11%-i), İqtisadi İnkişaf Nazirliyinə (1069 namizədin 13,94%-i) maraq göstərdiyi müəyyən olunub.
Keçirilən 4 müsahibənin nəticələrinə görə, 21 dövlət orqanı üzrə qeydiyyatdan keçmiş 337 namizədin 20,18%-i, yəni 68 nəfəri qadın olub.
Bu dövlət orqanlarının da yalnız ikisində - Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirliklərində işə düzəlmək üçün daha çox qadın namizəd müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydə alınan namizədlərin 19,01, İqtisadi İnkişaf Nazirliyi üzrə qeydə alınan namizədlərin isə 26%-ni qadın namizədlər təşkil edib.
Misirov bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul sahəsində aparılan vahid dövlət siyasətinə uyğun olaraq heç kim cinsi mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmır. "Dövlət orqanlarında işə qəbul olunmaq üçün Komissiyanın mərkəzləşdirilmiş qaydada və şəffaflıq əsasında keçirdiyi müsabiqə və müsahibələrdə uğur qazanmaq yetərlidir", - o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]