...

İlham Əliyev Bakıda Qara Qarayev adına musiqi məktəbinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2011 12:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
İlham Əliyev Bakıda Qara Qarayev adına musiqi məktəbinin açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, məktəbin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, musiqi məktəbinin binasında əsaslı təmir işlərinə ötən ilin mayında başlanıb.

Prezident İlham Əliyev binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış oldu. Burada yaradılmış stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılmışdır. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların, eləcə də Qara Qarayevin tələbələrinin şəkilləri yer alıb.

Dövlətimizin başçısı tibb otağına, bufetə, sinif otaqlarına və imtahanların keçirilməsi üçün nəzərdə tutulmuş kiçik zala baxdı.

İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi ilə tanışlıq zamanı bildirildi ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verəcəkdir. Qeyd olundu ki, musiqi məktəbində caz sinfinin fəaliyyətə başlaması da nəzərdə tutulur.

Məlumat verildi ki, binanın üçüncü mərtəbəsində geyim, qrim və sinif otaqları fəaliyyət göstərir.

Dövlətimizin başçısı dördüncü mərtəbədə binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.

Prezident İlham Əliyev bu mərtəbədəki konsert zalında məktəbin şagirdinin ifasını dinlədi. Qeyd olundu ki, dördüncü mərtəbədə səsyazma studiyası və zərb alətləri sinfi də fəaliyyət göstərir. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti