...

Səfir Məhəmmədbağır Bəhrami: Heç bir ölkənin İrana hücum etməyə cəsarəti çatmaz (MÜSAHİBƏ)

Siyasət Materials 11 Fevral 2012 09:00 (UTC +04:00)
Trend-in İran İslam İnqilabının 33 ildönümü münasibətilə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ilə müsahibəsi
Səfir Məhəmmədbağır Bəhrami: Heç bir ölkənin İrana hücum etməyə cəsarəti çatmaz (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Cəfərov/

Trend-in İran İslam İnqilabının 33 ildönümü münasibətilə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ilə müsahibəsi

- İran İslam İnqilabının 33-cü ildönümüdür. İnqilabdan 33 il ötdükdən sonra bugünkü İranı necə görürsünüz?

- İlk növbədə, sizi və Azərbaycan xalqını İslam Peyğəmbəri və şiələrin İmamı Cəfər Sadiq əleyhissalamın mövludu günü münasibətilə təbrik edirəm. İran xalqı 33 il öncə tarixdə böyük şəxsiyyət kimi tanınan Ayətullah İmam Xomeyninin rəhbərliyi altında hamının iştirakı ilə 1357-ci hicri ilinin bəhmən ayının 22-də qələbə qazandı. Zülmkar Pəhləvi rejimi İslam dininin dəyərlərinə hötmətsizlik, ölkə daxilində xalqı təhqir və zülm edirdi. Məhəmmədrza Şah ölkənin idarə edilməsini amerikalılara və israillilərə vermişdi. Şah regionda ABŞ və İsrailin jandarmı (polisi) kimi tanınırdı. Bu amillər səbəb oldu ki, İran xalqı ayağa qalxdı, İmam Xomeyninin rəhbərliyi ilə öz dini borclarını yerinə yetirdi, muzdlu rejimi devirdi və öz həqiqi müstəqilliyini əldə etdi. Onlar islami dəyərlər üzərində qurulan İran İslam Respublikası adlı rejimi qurdular.

Ölkəmizdə və regionda öz mənafelərini itirmiş ABŞ və İsrailin başçılığı ilə xalqımızın düşmənlərinin İrana qarşı olması təbii haldır. Onlar bu illər ərzində sadə insanlara, dini şəxsiyyətlərə, elm adamlarına, rəsmilərə qarşı terror aktı həyata keçiriblər. Səddam rejimini silahlandıraraq ölkəmizi müharibə etməyə məcbur etdilər, sanksiyalar tətbiq etdilər ki, bizim İslam İnqilabımız məğlub olsun və uğur əldə etməsin. Lakin İran xalqı öz güclü iradəsi, sədaqəti və İmam Xomeyninin rəhbərliyi altında bu çətinlikləri geridə qoya bildi. Məcbur edildiyi müharibədə qələbə qazandı. İran xalqı və rəsmilərinin səyi nəticəsində hazırda bizim ölkə regionun və deyə bilərəm ki, dünyanın güclü bir ölkəsi kimi tanınır. Bir zamanlar İslam İnqilabının qələbə qazandığı ilk günlər və müharibə dövründə biz cəbhə bölgəsində istifadə etmək üçün tikanlı teli belə özümüz istehsal edə bilmirdik. Ölkə sənayesi digərlərindən asılı idi və istehsal məhsulları ancaq montaj edilirdi. Hazırda 33 ildən sonra bütün çətinliklərə, sanksiyalara, 8 illik müharibə, terrorlara və təzyiqlərə baxmayaraq, ölkəmiz çox əhəmiyyətli nailiyyətlər əldə edib. Bu inkişaf xalq və dövlətin vəhdəti, İmam Xomeyninin rəhbərliyi və ondan sonra ayətullah Xamneyinin rəhbərliyi altında əldə olunub. Biz öz nailiyyətlərimizlə dünyanı təəccübləndirə bilmişik. İranın hərbi, aviasiya, səhiyyə, iqtisadi və sənaye sahələrindəki nailiyyətləri haqqında mətbuatda eşitmisiniz. Burada mən 2001-ci ildə beynəlxalq qurumlar tərəfindən İranın nailiyyətləri ilə bağlı açıqlanan bəzi göstəriciləri nümunə kimi qeyd etmək istərdim. Hazırda İran İslam İnqilabından 33 il sonra dünyada inkişaf sürətinə görə üçüncü ölkədir, humanitar və tibb elmi üzrə birinci yerdədir, Asiya ölkələri arasında elmin inkişafına görə üçüncü ölkədir, beyin və sümük iliyi transplantasiyası üzrə dünyada üçüncü ölədir, böyrək transplantasiyası üzrə dünyada dördüncü, regionda isə birinci ölkədir, ürək cərrahiyyəsi üzrə dünyada 10-cu yerdədir, aviasiya sahəsində dünyanın 8-ci ölkəsidir, lazer texnologiyası üzrə dünyanın 10-cü ölkəsidir, nanotexnologiya üzrə dünyanın 15-ci ölkəsidir və kimya elmi üzrə isə 13-cü ölkəsidir.

İranın dövlət büdcəsi hazırda 500 milyard dollardan çoxdur. Maraqlısı da budur ki, ölkənin büdcəsi ötən illə müqayisədə artıb, ölkənin inkişafında əhəmiyyətli göstərici olan tikinti kreditlərinin miqdarı 100 faiz artıb. Bundan başqa, mədəniyyət, ictimai, idman və digər sahələrdə də inkişaf var. Əgər bir vaxtlar universitetlərimizdə 100 min nəfər tələbə oxuyurdusa, hazırda 3 milyon nəfərdən çox tələbə təhsil alır.

İran xalqı öz ölkəsində quruculuq işləri həyata keçirib, güclənib, daha savadlı olub və bütün bunlar isə bizə qarşı həmin təzyiqlərlə yanaşı baş tutub. Bu xalq öz islami dəyərlərinə köklənərək, bir zamanlar əgər tikanlı tel istehsal edə bilmirdisə, indi özünün istehsal etdiyi peyki kosmosa göndərir. İranın xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən biri də budur ki, İslam İnqilabı zülmə məruz qalmış xalqlar üçün ibrət dərsidir. Dünya xalqları, müsəlman ölkələrinin xalqları da görürlər ki, Pəhləvi rejimi kimi zülmkar rejimin cəngindən qurtarıb İran kimi inkişaf etmək mümkündür. Onlar görürlər ki, özləri öz talelərini həll edə bilərlər.

- Nüvə məsələsi ilə əlaqədar İrana qarşı beynəlxalq sanksiyaların sayı artıb. Xüsusilə, son aylarda İran neftinə və Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq olunub. Sanksiyaların İran iqtisadiyyatına və xalqın sosial vəziyyətinə təsiri olubmu? Ölkə bu sanksiyalarla necə mübarizə aparır?

- Nüvə məsələsi artıq bizim üçün müzakirə predmeti deyil. Ona görə ki, İranın nüvə məsələsi ABŞ və İsrailin (sionistlərin) çirkin məqsədlərinə çatması üçün bir vasitəyə çevrilib. Bir məsələni qeyd etmək istərdim: keçmiş SSRİ-nin minlərlə nüvə başlığı (atom bombası) var idi. Bu nüvə başlıqları Sovet İttifaqının dağılmasının qarşısını ala bildimi? Əlbəttə ki, yox. Sionistlərin (İsrailin) 200-dən artıq nüvə başlığı var. Bu nüvə başlıqları onların 33 günlük müharibə zamanı Livanın kiçik şiə qrupuna qarşı qələbə qazanmasına səbəb ola bildimi? Məzlum Qəzza xalqına qarşı 22 günlük müharibədə İsrail üçün bu nüvə başlıqları uğur gətirə bildimi? Onlar məğlub oldular və geri çəkildilər. Hazırda ABŞ özü də dağılmaq üzrədir. Yəni kapitalist iqtisadiyyatı və kapitalist iqtisadiyyatının dominantlığı Qərb ölkələrində və ABŞ-da başa çatmaq üzrədir və onların ehtiyaclarına cavab vermir. Avropa və ABŞ xalqı ayağa qalxıb. "Wall Street" hərəkatı buna nümunədir. İran atom bombası yaratmaq istəmir, ona görə ki, onu əldə etməyin faydası yoxdur. ABŞ, İsrail və SSRİ üçün faydası oldumu ki, bizim üçün də faydası olsun? Bundan başqa, İranın hərbi doktrinasında nüvə silahı və kütləvi qırğın silahını əldə etmək və ondan istifadə yer almayıb və yoxdur. İran NPT (Nüvə Silahının Yayılmaması) müqaviləsinin üzvüdir. Bəs niyə İsrail NPT müqaviləsinə üzv olmur? İran nüvə texnologiyasını sülhyönlü məqsədlər üçün istifadə etmək istəyir. Tibb sahəsində, kənd təsərrüfatı sahəsində və digər sahələrdə bu texnologiyadan istifadə olunur. Nüvə texnologiyasına sahib olmaq təkcə İran xalqının deyil, bütün xalqların haqqdır. Bizim şüarımız "nüvə enerjisi hamıya, nüvə silahı və kütləvi qırğın silahı heç kimə" şüarıdır və biz bu şüara əməl edirik. Biz dünyada nüvə silahı və kütləvi qırğın silahlarının tamamilə məhvini istəyirik. Sionist rejimi işğalçıdır və 200 nüvə başlığı var, bəs niyə ona bir söz deyən yoxdur, onu sıxışdıran yoxdur? Bir də ki, bu təzyiqlərin bizə heç bir təsiri yoxdur. Biz sülhyönlü nüvə enerjisini əldə etməyi öz haqqımız bilirik və bu hüququmuzdan geri çəkilməyəcyik. Başqaları nə deyirsə desin. Üç-dörd məğlub olmuş sionist və ABŞ-ın təsiri altında olan ölkə bizə təzyiq göstərmək istəyir. Bu, onların xalqlarının istəyi deyil. ABŞ daha dünyada öz rolunu itirib, avropalıların da daxildə o qədər problemləri var ki, qoy, gedib onları həll etsinlər. İsrail də məhv olmaq üzrədir və yaxın gələcəkdə məhv olacaq.

İran elə ilk gündən, bu 33 il ərzində (İslam İnqilabından sonra) sanksiyalarla üzləşib. İran elə bu sanksiyalar şəraitində bugünkü nailiyyətlərini əldə edib. İran xalqı bu sanksiyaları imkanlara çevirib və uğurlar əldə edib. İranın ixrac etdiyi neftin 18 faizini Avropa ölkələri alırdı. Onlar neftdən təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi. Lakin biz onlara neftimizi satmaqdan imtina etdik. Hazırda onların bəziləri bizim neft nazirimizə yalvarır və bizdən neft almaq istəyir. Bu gün sanksiyalar təsiredici gücünü itirib. Onlar bizə qarşı, hər hansı sahəyə sanksiya tətbiq edibsə, biz həmin sahəni ölkə daxilində inkişaf etdirmişik. Benzin idxalını bizə qadağan edirdilər. İndi biz ölkə daxilində benzin istehsal edirik, həm də ixrac edirik. Sanksiyalar ölkəmizə və əhalinin güzəranına heç bir təsir etməyib. Hazırda ölkənin ehtiyat valyutası 100 milyard dollardan çoxdur.

- Son günlərdə bir sıra beynəlxalq KİV-lərdə bəzi ölkələrin İrana hücum edəcəyinə dair xəbərlər yayımlanır. Sizcə, İrana hücum ehtimalı realdırmı və İranın bu məsələyə reaksiyası necədir?

- Belə məlumatların yayılması ABŞ və İsrailin piarı və təbliğatıdır. Onlar öz daxili problemlərini ört-basdır etmək üçün belə təbliğatlar aparırlar. Vəziyyət elə yerə gəlib çatıb ki, ABŞ-ın özünü də sionistlər idarə edir. Dünya mediaları sionistlərin əlindədir. Dünyanın hər hansı yerində hər hansı bir media İrana hücum nağılını təbliğ edirsə, demək sionistlərin təbliğatına uyub. Həmin medialar ya sionistlərin təsiri altındadır, ya da qorxaqdırlar və həqiqəti deməkdən çəkinirlər. ABŞ bundan öncə də İrana hücum edib. Səddam rejiminin İrana hücumu və 8 illik müharibəni onlar dəstəkləyirdi. Həmin müharibədə Səddam rejimi Avropa, ABŞ və SSRİ-dən silahla təmin edilirdi. Onların bu muharibədən nə qazandığını hamı gördü. Bu o zaman idi ki, İranın cəbhənin ön xəttində tikanlı məftil qoymağa belə imkanı yox idi. İran hazırda hərbi sahədə elə bir nöqtəyə çatıb ki, hər hansı ölkənin İrana hücum etməyi düşünməyə belə cəsarəti çatmaz. ABŞ-ın və ya İsrailin İrana hücum etmək fərziyyəsi kökündən yanlışdır, lakin qeyri-mümkünü fərz etmək qeyri-mümkün deyil. Misal üçün, əgər bizim neftimizin satışına qadağa qoyulsa, Hörmuz boğazından bir damcı da neftin keçməsinə icazə verməyəcəyik. Onda, görün, nə baş verəcək və kim qalib gələcək? İran Hörmuz boğazında hərbi təlim keçirdi və öz iqtidarını göstərdi. İran xalqı dözümlü xalqdır. İran əsgərləri müharibə dövründə oruc tutub döyüşürdülər. Hansı ölkənin əsgərləri oruc tutub döyüşə bilər? İran sülhsevər, dünyanın sülh, əmin-amanlıq, ədalət və səmimiyyət şəraitində olmasını istəyir. Lakin əgər İrana hücum hər hansı bir ölkə ərazisindən baş tutarsa, ilk növbədə, bu hücumun nəticəsində elə həmin ölkənin özü məhv olacaq. Bundan başqa, hər hansı ölkə İrana hücuma dəstək göstərərsə də məhv olacaq. ABŞ dünyanın o başından İraqa və Əfqanıstana niyə gəlməlidir? Onlar bu ölkələrə nə veriblər? ABŞ Əfqanıstana hücum etməmişdən əvvəl bu ölkədə narkotik maddələrin istehsalı 2 min ton idisə, hazırda bu, 14 min tondur. Region ölkələrinin gənclərini narkotik maddələrə aludə etmək onların nailiyyətidirmi?

Xəbər lenti

Xəbər lenti