Azərbaycan, Bakı, 12 may /Trend/
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə komitələrinin hesabatlarına həsr olunmuş iclasında Ermənistanın daimi nümayəndəsinin çıxışı ilə bağlı bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış birtərəfli və həqiqətə uyğun olmayan tərzdə təqdim edilmiş məlumatla bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti açıqlama verib.
Açıqlamada deyilir ki, 10 may 2012-ci il tarixli iclas zamanı Ermənistan Respublikasının BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının mövcud prosedur qaydalarına açıq hörmətsizlik edərək, Şuranın üzvü olmayan digər dövlətlərdən fərqli olaraq, çıxış etmək niyyəti barədə əvvəlcədən Şuranın sədrinə yazılı şəkildə müraciət etmədən dolayı yollarla çıxış etməyə cəhd göstərmişdir. Ermənistanın çıxış etmək niyyəti barədə məlumat Təhlükəsizlik Şurasının sədrinə çatdırıldıqda, sonuncu tərəfindən Şuranın qaydalarına uyğun olaraq sədrin adına rəsmi məktubun ünvanlanması tələb edilmişdir.
"Ermənistanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinad edən KİV-lər Təhlükəsizlik Şurasının sədri olan Azərbaycanın guya digər dövlətlərin təzyiqi ilə Ermənistana söz verdiyini bildirir. Əslində, heç bir dövlət tərəfindən Azərbaycana heç bir təzyiq edilməmişdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın müstəqil xarici siyasət aparması və heç bir dövlətdən asılı olmaması məlumdur. Yalan məlumat verməklə yanaşı, qarşı tərəf prosedur qaydalarına riayət etmək barədə məhz Şura sədrinin tələbi əsasında Ermənistanın Daimi Nümayəndəliyinin iclasın bitməsinə bir neçə dəqiqə qalmış rəsmi məktub təqdim etdiyini və yalnız bundan sonra erməni səfirinin çıxış etməsinə icazə verildiyini bildirməkdən çəkinir" deyə açıqlamada vurğulanır.
Azərbaycan Daimi Nümayəndəliyinin mətbuat xidməti qeyd edir ki, Ermənistan Daimi Nümayəndəliyinin belə davranışı Təhlükəsizlik Şurasının qaydalarına açıq şəkildə hörmətsizliklə yanaşı, Ermənistan diplomatlarının qeyri-peşəkarlığından xəbər verir.
Açıqlamada həmçinin qeyd edilir ki, iclasın mövzusu yalnız Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə komitələrinin fəaliyyətinin müzakirə edilməsinə həsr olunsa da, Ermənistanın daimi nümayəndəsi iclas zamanı ona verilmiş imkandan sui-istifadə edərək müzakirə mövzusuna aidiyyatı olmayan, iftira və cəfəngiyat xarakterli çıxış etmişdir. Bu isə Şuranın üzvləri və digər dövlətlərin təəccübünə və narazılığına səbəb olmuşdur.
"Ermənistanın daimi nümayəndəsinin mətbuata verməyi "unutduğu" digər məqam da odur ki, onun bu çıxışına cavab olaraq, iclasda Azərbaycanın Daimi Nümayəndəliyi tərəfindən dərhal reaksiya verilmişdir. Tərəfimizdən Ermənistan nümayəndəsinin bu iclasın verdiyi imkandan sui-istifadə edərək əsassız ittihamlar irəli sürməsinin təəssüf doğurduğu, bu ölkə tərəfindən Azərbaycana qarşı terror fəaliyyətlərinin həyata keçirməsinin məlum olduğu və bununla bağlı müvafiq məlumatın BMT-də yayıldığı Şura üzvlərinin diqqətinə çatdırılmışdır" deyə açıqlamada bildirilir.
"Məsələnin maraq doğuran tərəfi odur ki, Ermənistanın daimi nümayəndəsi media vasitəsilə özünü "qəhrəman" kimi təqdim etməyə çalışır. Son illər ərzində Azərbaycanın beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində əldə etdiyi nailiyyətlərin, o cümlədən Təhlükəsizlik Şurasına seçkilərdə 155 dövlətin dəstəyini əldə etməklə Şuranın üzvlüyünə seçilməsi, Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Şuranın cari ilin 4 may tarixində terrorçuluqla mübarizə məsələsinə həsr edilmiş yüksək səviyyəli iclasının uğurla keçirilməsi və iclasın yekunu kimi terrorçuluqla mübarizə üzrə ölkəmiz üçün əhəmiyyət daşıyan bir çox müddəaların əks olunduğu bəyanatın qəbul edilməsi, bundan əlavə, Ermənistanın bütün səylərinin əksinə olaraq, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu tərəfindən Nyu-Yorkda razılaşdırılmış və daha sonra Hərəkatın cari ilin may ayının 10-da Misirdə keçirilmiş toplantısında qəbul edilmiş yekun sənədində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsinin Ermənistan rəhbərliyini ciddi narahat etməsi aydındır. İstisna edilmir ki, ölkəmizin bu və digər nailiyyətləri Ermənistanın BMT yanındakı daimi nümayəndəsinin öz ölkəsində nüfuzunun "artmasına" səbəb olmuşdur", açıqlamada deyilir.
Mətbuat xidməti qeyd edub ki, bu baxımdan Ermənistanın BMT yanında daimi nümayəndəsinin hər bir fürsətdən istifadə edərək, Azərbaycanın ünvanına əsassız bəyanatlar verməsi və mediada yalan məlumatlar yayması Ermənistan ictimaiyyətinin diqqətini ölkəsinin diplomatik uğursuzluqlarından yayındırmaq, özünü isə ölkə rəhbərliyi və ictimaiyyətinin gözündə "qəhrəman" kimi təqdim etmək cəhdlərindən başqa bir şey deyildir.