Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir S.Ağayeva/
Azərbaycan, Gürcüstan və Türkiyə boru kəmərləri və dəmir yolları kimi infrastruktur obyektlərin təhlükəsizliyini birgə təmin edə bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze 2008-ci il avqust müharibəsinin 4 illiyinə həsr edilmiş mətbuat konfransında bildirib.
"Azərbaycan, Gürcüstan və Türkiyə arasında xüsusuən enerji sahəsində çox sıx iqtisadi əlaqələr mövcuddur. Buna misal kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərini göstərmək olar. Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıqdan danışarkən, ilk növbədə, birgə layihələrin təhlükəsizliyi məsələsi nəzərdə tutulur", - səfir deyib.
Onun sözlərinə görə, hələlik tərəflər ilk növbədə iqtisadi sahədə əməkdaşlıq edirlər.
"Gələcəkdə nə olacağı məlum deyil, lakin tərəflərin boru kəmərləri kimi mövcud infrastrukturun mühafizəsi sahəsində birgə hərbi tədbirlər həyata keçirəcəyi güman edilir", - Şaraşenidze əlavə edib.