...

Dahi şəxsiyyət

Siyasət Materials 11 Dekabr 2012 17:42 (UTC +04:00)
Tarixə müraciət etsək bir gerçəklik öz təsdiqini tapır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlə baxan xalq tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli varlığını, mövcudluğunu qoruyub saxlamışdır.
Dahi şəxsiyyət

Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Tarixə müraciət etsək bir gerçəklik öz təsdiqini tapır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlə baxan xalq tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli varlığını, mövcudluğunu qoruyub saxlamışdır. Bu reallığı Azərbaycan xalqının qəhrəmanlıqla dolu keçmişi də təsdiqləyir. Ulu öndər Heydər Əliyev bildirmişdir: "Bizim xalqımızın böyük tarixi, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi məlumdur. Bizə də məlumdur, dünyaya da məlumdur. Əsrlər boyu dəfələrlə xalqımız yadelli qəsbkarlarla üzləşib, qarşılaşıb və dəfələrlə döyüşə qalxıb, torpaqlarımızı müdafiə edib, öz milli mənliyini qoruyub saxlaya biliblər. Keçmiş nəsillər bizi bu günlərə gətirib çıxarıblar. Əgər belə olmasaydı, indi nə Azərbaycan var idi, nə Azərbaycan xalqı var idi, nə də Azərbaycan milləti var idi".

Ötən əsrin əvvəllərində yaranan Azərbaycan Demokratik Respublikası şanlı tarixi olan qədim dövlətçilik ənənələrini yaşatmağa, davam etdirməyə çalışsa da yaranmış mürəkkəb ictimai-siyasi şərait, soydaşlarımıza qarşı törədilən soyqırımlar müstəqillik qazanmaq istəyən Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini qan içərisində boğdu. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, daha da alovlandırdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalqımız bu sevinici də yaşamaq imkanından məhrum oldu. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yaşanması məhz Vəzirov, Mütəllibov kimi "rəhbərlərin", AXC-Müsavat cütlüyünün ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Ölkədə xaos, anarxiya baş alıb gedir, iqtisadi böhran dərinləşir, Azərbaycanın bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi artırdı. Eyni zamanda silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyununda Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Prezident seçildi. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycan dövlətinin, xalqının müstəqilliyimizin ilk illərində yaşadıqları durumun aydın təsəvvürünü yaradır. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni səhifəsi açıldı. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olmağa cəhd edirdilər. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyət kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdir: "Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi." Müstəqilliyin qorunub saxlanılmasının əldə edilməsindən nə qədər çətin olduğu 1991-1993-cü illərin olaylarından aydın görünür.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almış, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edir. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bildirirdi ki, hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucucu kimi təqdim olunması da bu günün reallıqlarına əsaslanır. Düzgün qurulan, möhkəm təmələ əsaslanan daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan qısa müddətdə sabitlik diyarı, iqtisadiyyatı dinamik inkişaf edən, ən əsası beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsi kimi tanındı və nüfuz qazandı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə yeri və rolunun göstəricisidir. Ulu öndər Heydər Əliyev bu inamı ifadə etmişdir ki, "Əsrin müqaviləsi" ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq.

"Əsrin müqaviləsi"nin imzalanmasından ötən 18 ildə Azərbaycanın qazındığı uğurlara diqqət yetirsək ulu öndər Heydər Əliyevin vaxtilə böyük əminliklə söylədiyi bu fikirlərin reallıqda öz təsdiqini tapdığını görərik. Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Regional əhəmiyyətli bu layihə həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. "Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə fikri təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanındı. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin 32 milyard dollardan artıq olması neft strategiyasının uğurlu icrasının nəticəsidir.
BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, əhəmiyyətinə görə bu layihələrdən heç də geri qalmayan, Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişinə başlanılması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, regional əhəmiyyətini artırdı.

Bu gün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri, təbii qazı isə Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə dünyanın bir çox ölkəsinə nəql olunur. Bu sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən hesab olunan, sutkada bir milyon barrel Azərbaycan neftini tam təhlükəsiz Aralıq dənizi sahillərinə ixrac imkanına malik BTC-nin xüsusi yeri var. İndi BTC artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət daşıyır.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Son illərdə müxtəlif ölkələrlə imzalanan sazişlərə, Anlaşma Memorandumlarına diqqət yetirsək, qaz sahəsində əməkdaşlığa xüsusi önəm verildiyinin şahidi olaraq. Azərbaycan o ölkələrdəndir ki, həm qaz, həm neft resursları kifayət qədər böyükdür.
Neft strategiyasının uğurla həyata keçirilməsində böyük rola malik olan Azərbaycan Dövlət Neft Şirkətinin adı bu gün dünyanın aparıcı şirkətləri sırasındadır. Xarici şirkətlərlə uğurla əməkdaşlıq ölkəmizə yeni, müasir təcrübəni gətirdi. 2010-cu ildə "Ümid" qaz yatağının aşkarkarlanması ARDNŞ-in hansı imkanlara və potensiala malik olduğunu açıqladı. Dövlət başçısı İlham Əliyev 2011-ci ildə "Abşeron" blokunda yeni böyük qaz yatağının kəşfində də bu amilin rolunu xüsusi vurğulamışdır. "Abşeron" yatağının Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edildiyini xatırladan ölkə Prezidenti bildirmişdir ki, suyun dərinliyini nəzərə alsaq o vaxt bu yataqda işlərin aparılması üçün imkanlar yox idi. Hazırda ölkəmizin, eyni zamanda ARDNŞ-in malik olduğu iqtisadi və texniki imkanlar Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini aparmağa əsas verir.

Bu gün Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Beynəlxalq enerji bazarlarına çıxmaq üçün xarici investisiya layihələrini qətiyyətlə davam etdirən ARDNŞ müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir. Dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoymuşdur. ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan addımların nəticəsidir. Son illər ARDNŞ 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur.
Neft-qaz sektorunda əldə olunan uğurların qısa təhlili bunu deməyə əsas verir ki, dünya enerji xəritəsində özünəməxsus rola malik olan Azərbaycanın mövqeləri möhkəmlənir, irəli sürdüyü və gerçəkləşdirdiyi təşəbbüslər bu sahədə yeni əməkdaşlığın yaranmasına gətirib çıxarır. Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkləşdirən ölkə kimi nüfuz qazanması da uğurlu neft strategiyasının nəticəsidir.

Bu günün reallıqları eyni zamanda ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin də təsdiqidir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Xarici siyasətin uğurlu daxili siyasətin davamı olduğunu nəzərə alsaq bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunda iqtisadi uğurlar böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bir faktı nəzərə alaq ki, iqtisadi inkişaf demokratikləşmə prosesi ilə vəhdət təşkil etməlidir. Azərbaycan dövlətinin siyasətində bu vəhdətliyi qoruması uğurlu addım kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyev Azərbaycanın strateji kursunda demokratik inkişafın əsas yer tutuduğunu önə çəkərək heç bir qüvvənin ölkəmizi bu yoldan döndərmək imkanında olmadığını bəyan etmişdir. Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması da demokratikləşmə prosesinin sadəcə bir niyyət, şüar olmadığını, ölkənin hərtərəfli inkişafından başlıca əsas olduğunu təsdiqlədi. Azərbaycan-Avropa Şurası əlaqələri 10 ildən artıq dövr ərzində uğurla davam edir. Ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərə yüksək səviyyədə əməl etməsi münasibətlərin inkişafına öz müsbət təsirini göstərir. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra qurumun ilk sessiyasında çıxışı zamanı bu fikri xüsusi bəyan etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, demokratik dəyərlərə böyük hörmətlə yanaşan, bu prinsiplərin inkişafında maraqlı olan Azərbaycan da quruma bir o qədər gərəklidir.

Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin bərqərar olması istiqamətində atılan addımların davamlılığı beynəlxalq miqyasda da təqdir olunur. Söz, mətbuat azadlığı təmin edilib, insan hüquqlarının qorunması üçün qanunvericilik bazası yaradılıb, çoxpartiyalı sistem formalaşıb, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilib və bu addımlar davamlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. 1995-ci ildən əfv və amnistiya təsisatlarının bərpa edilməsi, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşın azadlığa qovuşması da insan hüquqlarının qorunmasının dövlətin siyasətində əsas yer tutduğunu nümayiş etdirir. Ümummilli lider bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Azərbaycan dövlətinin siyasətində insan amilinə verilən yüksək dəyər beynəlxalq təşkilatların hesabatlarında da dəyərləndirilir. Ulu öndərin Azərbaycanın bütün dünya azərbaycanlılarının tarixi vətəni olduğunu bəyan etməsi, hər hansı bir ölkəyə səfəri zamanı orda yaşayan soydaşlarımızla görüşərək onların problemləri ilə yaxından tanış olması da qeyd olunan istiqamətdə görülən işlərin tərkib hissələrindən idi. Harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyevin sərəncamı əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının Bakıda keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoymaqla yanaşı, onların vahid mərkəzdən idarə olunmalarını təmin etdi. Ümummilli lider bildirmişdir: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur." Məlumdur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin vacibliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir.

Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması da ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrlə bağlıdır. Dahi şəxsiyyətin elə bir ölkəyə səfəri yox idi ki, keçirilən görüşlərdə, aparılan müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyəti, erməni vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmasın. O dövrdə ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifə tarixin saxtalaşdırılmasına yol verməmək, Azərbaycan həqiqətlərini faktlar əsasında dünyaya bəyan etmək idi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra ilk görüşünün məhz Milli Elmlər Akademiyasında ziyalılarla olması da bu məqsəddən irəli gəlirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində diplomatik mübarizənin rolu hər zaman qeyd edilirdi.

Bir əsas faktı da qeyd edək ki, 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin böyük səyləri və qətiyyəti sayəsində imzalanan atəşkəs sazişi ölkənin inkişafına yol açan əsas amillərdəndir. Azərbaycanın iqtisadi imkanlarının artması ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasına stimul verdi. Ordu dövlət müstəqilliyini və suverenliyini təsdiq edən amillərdən biridir. Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uğurla nəticələnməsi üçün ordumuzu daha da gücləndirməli, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını daim artırmalıyıq.

Azərbaycanın 20 illik müstəqillik tarixinə bələdçilik edən, keçdiyi inkişaf yolu Azərbaycanın tarixi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaradıcısı da ulu öndər Heydər Əliyevdir. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan YAP bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmlənməsi Heydər Əliyev ideyalarına sədaqətin, ölkə Prezidenti İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayanması, sözlə əməl birliyi nüfuzunun artmasında əsas amildir. YAP nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsidir. Partiyanın təşkilatçılığı əsasında keçirilən beynəlxalq konfranslar da onun imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Ötən ilin dekabrında partiyanın təşkilatçılığı əsasında 30 ölkədən 60-a yaxın nümayəndənin iştirakı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycanın, eyni zamanda Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə artan çəkisi xüsusi qeyd edildi. Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların böyük rola malik olduğunu nəzərə alsaq, Yeni Azərbaycan Partiyasının istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Cari ilin noyabrın 22-23-də YAP-ın təşkilatçılığı əsasında 35 ölkədən 200-dən artıq nümayəndənin iştirakı ilə Asiya Siyasi partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi də deyilənlərin təsdiqidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri sonsuzdur. Ayrı-ayrı sahələrdə qazanılan uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Bircə faktı qeyd etmək kifayətdir ki, müasir, sürətlə inkişaf edən Azərbaycan ümummilli liderin şah əsəridir. Onun düzgün müəyyənləşdirdiyi yol Azərbaycanın qarşısında daim yeni imkanlar, üfüqlər açır.

Dünya dövlətlərinin rəhbərlərinin, siyasətçilərinin dahi şəxsiyyət Heydər Əliyev haqqında söylədiyi fikirlər də Onun tanınmış siyasi xadim kimi irsinin hər zaman üçün nümunə ola biləcəyini təsdiqləyir. Türkiyə Respublikasının sabiq prezidenti Əhməd Necdət Sezər bildirmişdir: "Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxşılaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir."

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fikirləri də diqqət çəkəndir: "Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür."

ABŞ-ın sabiq prezidenti Corc Buş demişdir: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır."

"Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirirəm." Bu fikirlər isə Fransanın sabiq prezidenti Jak Şiraka məxsusdur.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinə verilən dəyəri özündə əks etdirən bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Ümumi nəticə bundan ibarətdir ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Heydər Əliyev siyasi kursu 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. 2003-2008-ci illərdə verilən hər vədin konkret işlərdə öz əksini tapması, ayrı-ayrı sahələri əhatə edən Dövlət Proqramlarının uğurlu icrası, iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması Xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirdi, 2008-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə stimul verdi. Həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlət başçısı İlham Əliyev Dövlət Proqramlarının uğurlu icrasında da bu dəstəyin rolunu xüsusi vurğulayır. Güclü sosial siyasətə yol açan iqtisadi tərəqqinin artması üçün bütün imkanlar mövcuddur. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də əldə olunan uğurlara söykənir.

Neft gəlirlərindən səmərəli istifadə nəticəsində iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına səbəb oldu. "Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik." Prezident İlham Əliyevin doqquz il bundan əvvəl səsləndirdiyi bu istək artıq reallığa çevrilib. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi qeyri-neft sektorunun inkişafına yönələn diqqətin bariz nümunəsidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq beynəlxalq standartlara və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır.
Uğurlarımız ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini xatırlatmağı zərurətə çevirir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."

Bu gün Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, üçrəngli bayrağının dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, sosial dövlət kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ötən il Azərbaycan 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Qurumda ilk olaraq ədaləti müdafiə edəcəyimizi bəyan edən dövlət başçısı İlham Əliyev bu uğuru tarixi hadisə kimi dəyərləndirdi. Müstəqilliyinin 20-ci ilində Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməsi keçilən yola, əldə edilən uğurlara verilən dəyər kimi qəbul olundu. Bu uğurumuzun yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz müsbət təsirini göstərəcəyi inkaredilməzdir.
Cari ilin mayında 42 ölkənin öz məşəlini Azərbaycanda alovlandırması da ölkə həqiqətlərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Hər bir ölkəni dünyada tanıdan siyasəti ilə yanaşı mədəniyyətinin də olduğunu nəzərə alsaq, Azərbaycanın "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsinin ölkələr arasında əlaqələrin inkişafında körpü rolunu aydın görərik.

Ümumiyyətlə, hər bir sahənin inkişafı dövlətin siyasətində əsas yer tutur. Bu diqqət hər ili bu və ya digər sahənin adı ilə bağlayaraq, həmin il çərçivəsində həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsindən də aydın görünür. Məlum olduğu kimi, cari il dövlət başçısı İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə "İdman ili" elan edilmişdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu günlərdə Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində bir daha bildirmişdir ki, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır: "Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir." Qeyd edək ki, bu ilin avqustunda XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 205 dövlət arasında 30-cu yeri tutması da böyük uğur olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi idi. London Yay Olimpiya Oyunlarında 10 medal qazanan idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, bir daha ölkəmizin təqdimatına öz töhfələrini verdilər.

Uğurlarımız davamlıdır. Bu davamlılığı şərtləndirən əsas amil möhkəm təmələ əsaslanan inkişaf strategiyasıdır. İnkişafın Azərbaycan modelinin mövcudluğu, onun başqa ölkələrə nümunə göstərilməsi böyük uğurdur. Dövlət başçısı İlham Əliyevin ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirməyə xidmət edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirildi. Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyini ortaya qoyan Prezident İlham Əliyev bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə Bakıda keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir daha Azərbaycanın 20 ildə qazandığı uğurlardan geniş bəhs edərək bildirmişdir ki, ölkəmiz keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqeyini gücləndirməsi üçün Prezident İlham Əliyevin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzaladığını qeyd edən akademik Ramiz Mehdiyev bildirmişdir ki, bu sənəd ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir.

Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın dərk olunur ki, düzgün seçilən yol, möhkəm təmələ əsaslanan siyasət ölkəni davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Xalqımız tam əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha böyük uğurlara imza atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti