...

Bakı və Tbilisi arasında geosiyasi anlaşmalar

Siyasət Materials 27 Dekabr 2012 14:41 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Bakıya səfəri baş tutdu. İvanişvilini səfər zamanı xarici işlər naziri Maya Pancikide, energetika naziri Kaxa Kaladze, iqtisadiyyat naziri Qeorgi Kvirikaşvili, diasporla iş naziri Konstantin Surquladze, Tərəfdaşlıq Fondunun rəhbəri İrakli Kovzanadze, İnkişaf və Araşdırma İnstitutunun rəhbəri Giya Xuxaşvili müşayiət edirdilər.
Bakı və Tbilisi arasında geosiyasi anlaşmalar

Arzu Nağıyev - Trend-in icmalçısı

Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Bakıya səfəri baş tutdu. İvanişvilini səfər zamanı xarici işlər naziri Maya Pancikide, energetika naziri Kaxa Kaladze, iqtisadiyyat naziri Qeorgi Kvirikaşvili, diasporla iş naziri Konstantin Surquladze, Tərəfdaşlıq Fondunun rəhbəri İrakli Kovzanadze, İnkişaf və Araşdırma İnstitutunun rəhbəri Giya Xuxaşvili müşayiət edirdilər.

Nümayəndə heyətinin belə bir tərkibdə olması iki ölkə arasında maraq doğuran bir çox məsələlərin həllinə aydınlıq gətirmək məqsədi daşıyırdı. Görüşün nəticəsi kimi qeyd etmək olar ki, Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətləri bundan sonra da davam edəcək. Çünki seçilmiş kurs hər iki dövlətin xalqlarının birbaşa mənafelərinə cavab verir və maraqlarını əks etdirir.

Bidzina İvanişvili səfər çərcivəsində Azərbaycan Prezidenti, eləcə də digər rəsmilərlə görüşlər keçirmiş, enerji sahəsində əməkdaşlıq, bir çox beynəlxalq layihələrdə birgə iştirak, iki dövlət arasındakı digər inteqrativ məsələlər müzakirə olunmuşdur.

Müzakirəyə ehtiyacı olan əsas məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi idi. Məlumdur ki, bu yol Azərbaycan və Türkiyə dəmir yolu sistemlərini birləşdirməklə iki ölkə arasında inteqrasiya dərəcəsini artıracaqdır. Əslində, bu dəmir yolu Azərbaycanın Türkiyəyə və Avropaya çıxışını tam təmin edir.

Müqayisə üçün qeyd etmək olar ki, hazırda Azərbaycandan Türkiyə və Avropaya əsas yük, o cümlədən neft məhsullarının bir hissəsi tankerlər vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılır. Statistikaya görə, 2011-ci ildə bu limanda boşaldılan yüklərin 74 faizi, təxminən 450 min tonu Azərbaycana məxsus olub. Batumi limanından Gürcüstanın ixracı isə 2011-ci ildə 0,3 faiz və ya 2 min ton təşkil etmişdir.

Məlumdur ki, bu layihə müstəqil Gürcüstan üçün ən əhəmiyyətli layihələrdən biridir və ölkənin Avropa İttifaqına inteqrasiya etməsi üçün Rusiyadan yan keçməklə Avropa ilə ünsiyyətinə imkan yarada bilər. Görüşlər vaxtı bir daha bu məsələlərə toxunulub və belə nəticəyə gəlinib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin dayandırılması məsələsi ümumiyyətlə, gündəmdə durmur.

İvanişvili rəsmi görüşlərdən sonra jurnalistlərə deyib: "Mən bundan əvvəl demişdim ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Gürcüstanın dəmir yolları ilə yükdaşımalar yəqin ki, azalacaqdır. Lakin bu, tələsik verilmiş bəyanat idi. Əslində bu məsələdə heç bir problem yoxdur".

Belə bir nəticəyə gəlmək olar ki, bu yolun çəkilişi mühüm geosiyasi layihədir. Gürcüstan tərəfi isə layihə ilə bağlı ancaq və ancaq iqtisadi göstəricilərin nəzərdən keçirilməsi ilə bağlı danışıqlar apara bilər.

Görüşlərdə toxunulan məsələlərdən biri də Gürcüstana nəql olunan qazın tarifləri barədə olmuşdur və bu suallara da aydınlıq gətirilmişdir. Məlumdur ki, Azərbaycan Gürcüstana qazı çox məqbul qiymətlərlə satır. Məhz buna görə də Baş nazir qaz tarifinin azaldılmasının Gürcüstanda axtarmaq lazım olduğunu qeyd etmiş və yaradılmış şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Bundan başqa, görüşlərdə iki ölkə arasında sərhəd xəttinin ayırd edilməsi istiqamətində suallar müzakirə olunmuş və Azərbaycanın bu istiqamətdə təcrübəsi nəzərə alınaraq Gürcüstan ilə problemin yaranmayacağı qeyd edilmiş və bu məsələnin də müsbət həll ediləcəyi vurğulanmışdır.

Görüşlərin nəticəsi kimi belə bir fikir söyləmək olar ki, hazırda Tbilisi üçün əsas məsələ ölkənin təhlükəsizliyinə təhdidlərin minimuma endirilməsidir. İvanişvili Azərbaycana səfərindən sonra siyasi maraq balansını saxlamaq məqsədilə Ermənistana, sonra isə region üçün strategiyanı tam müəyyənləşdirmək məqsədilə Türkiyəyə səfər etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti