...

İlham Əliyev: Müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaranması tarixi hadisə idi (FOTO)

Siyasət Materials 28 May 2013 00:10 (UTC +04:00)
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
İlham Əliyev: Müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaranması tarixi hadisə idi (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi. Azərbaycan Prezidenti rəsmi qəbulda nitq söylədi: "Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdir.

Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdır. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir, Milli Ordu yaradılmışdır. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. "İstiqlal Bəyannaməsi"ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır".

Dövlət başçısı qeyd edib ki, ancaq müəyyən səbəblər üzündən iki ildən sonra respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır: "Biz 71 il Sovet İttifaqının tərkibində yaşamışıq. Biz azad, müstəqil deyildik. Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesi gedirdi. Hesab edirəm ki, o illər ərzində müsbət məqamlar da kifayət qədər çox idi. İlk növbədə, savadsızlığa qarşı mübarizə gözəl nəticələr vermişdir. Yoxsulluq aradan qaldırılmışdı, işsizlik demək olar ki, yox idi. Azərbaycanda sənayeləşmə prosesi gedirdi, xüsusilə 1970-ci illərdə bu proses daha geniş vüsət almışdı.

Ancaq biz azad, müstəqil deyildik. Biz başqa dövlətin tərkibində yaşayırdıq. Əlbəttə, həm müstəqillikdən məhrum idik, eyni zamanda, Sovet İttifaqında mövcud olan siyasi və iqtisadi sistem sürətli inkişaf üçün məqbul deyildi. Sovet İttifaqının süqutu bunun əyani sübutudur.

1970-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri başlamışdır. İttifaqda müttəfiq respublikalar arasında Azərbaycan seçilirdi, fərqlənirdi. Burada sürətli inkişaf gedirdi. Biz bu sürətli inkişafı 1993-cü ildən sonra da görəcəyik. Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - erməni separatizminin baş qaldırması dövründə respublikaya rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə bilmirdilər. Azərbaycan tənəzzülə uğrayırdı və Sovet İttifaqı dağılanda burada vəziyyət çox ağır idi. Siyasi xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye demək olar ki, iflic vəziyyətində idi. İqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü. Bir sözlə, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan ölkə idi. Bir tərəfdən, Ermənistanın və separatçıların ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi".

İlham Əliyev çıxışında qeyd edib ki, müstəqilliyə gedən yolda ulu öndər Heydər Əliyevin çox böyük zəhməti olmuşdur: "Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi.

Təsadüfi deyildir ki, 1993-cü ildə vətəndaş müharibəsi getdiyi bir dövrdə Azərbaycan xalqı yenə milli liderə müraciət etdi, onu dəvət etdi. Onun Azərbaycan siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət köklü şəkildə dəyişmiş və Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.

Bu yaxınlarda, Ulu Öndərin 90 illiyində mən o dövrlə bağlı fikirlərimi bildirmişəm. Sadəcə, demək istəyirəm ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır".

İlham Əliyev bildirib ki, son 20 il ərzində bu istiqamətdə əldə edilmiş təcrübə çox gözəl şərait yaradır: "Azərbaycanda transformasiya dövrü çox uğurlu keçmişdir. Hesab edirəm ki, bu gün çətin vəziyyətdə olan ölkələr üçün Azərbaycan təcrübəsi çox maraqlı olmalıdır. Çünki müstəqilliyə qovuşduqda, eyni zamanda, siyasi sistem də dəyişdirilməli idi. Müstəqilliyə qovuşan ölkələrin böyük əksəriyyəti sadəcə olaraq azad olurlar, müstəqil olurlar. Orada siyasi sistem dəyişmir. Əgər misal üçün, 1970-ci illərdə müstəqilliyə qovuşan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada siyasi sistem dəyişmir, iqtisadi münasibətlər dəyişmir. Bizdə isə həm siyasi, həm iqtisadi sistem dəyişmişdir. Eyni zamanda, biz dövlət qurmalı idik.

Hesab edirəm ki, bu keçid dövrünü biz uğurla başa vurmuşuq. Mən artıq qeyd etmişəm ki, keçid dövrü Azərbaycanda çoxdan başa çatmışdır və bu transformasiya bu gün ağır vəziyyətdə olan ölkələr üçün, yenə də deyirəm, çox maraqlı və cəlbedici ola bilər.

Gələcək planlara gəldikdə, biz xarici siyasətimizi bundan sonra da müəyyən edilmiş xətlə aparacağıq. Xarici siyasətimizin əsas istiqamətləri müəyyən edilibdir. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınır. Hesab edirəm ki, növbəti illərdə biz xarici siyasətdə daha da fəal olacağıq və indi xarici siyasətlə bağlı yeni istiqamətlər müəyyən edilir".

Dövlət başçısı iqtisadi sahədə islahatların gücləndirilməsinin vacibliyini qeyd edib: "Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz daha da güclü olacaqdır. Əgər bir qədər qabağa baxsaq, - mən keçən dəfə də bu barədə danışmışam, bu gün də demək istəyirəm, - demoqrafik vəziyyət də öz müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir. Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz istədiyimizə nail olacağıq.

Yəni, Dağlıq Qarabağ məsələsi birinci məsələdir, ən əsas məsələdir. Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti bütün imkanları səfərbər edib ki, bu məsələ tezliklə öz həllini tapsın.

Digər vəzifələrə gəldikdə, artıq hesab edirəm ki, bizim proqramlarımız özlüyündə bu vəzifələrin müəyyən edilməsində kifayət qədər dolğun məlumat verir. Daxili siyasətlə bağlı demokratik proses inkişaf edəcəkdir. Azərbaycanda bütün azadlıqlar qorunur. Söz azadlığı, mətbuat azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda sərbəst internet fəaliyyət göstərir. Sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir.

Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da islahatlar aparılacaqdır. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik".

Prezident bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri bundan sonra da təmin edilməlidir: "Bizim böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir. Həm inzibati tədbirlər, həm də sistem xarakterli islahatlar aparılır və öz bəhrəsini verir. Hesab edirəm ki, gələcək illərdə biz bu böyük bəlanın aradan qaldırılmasında daha da böyük uğurlar əldə edəcəyik.

Bir sözlə, daxili siyasətin əsas istiqamətləri çoxdan müəyyən edilib. Sadəcə olaraq, biz bu məsələləri daha da məqsədyönlü şəkildə həll etməliyik.

İqtisadi sahədə qeyri-neft sektorunun inkişafı bundan sonra da prioritet olaraq qalacaqdır. Çox şadam ki, bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr inkişaf edir - informasiya-kommunikasiya texnologiyaları, digər sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək illərdə bu proses davam etdiriləcəkdir. Nəzərə alsaq ki, gələn ilin əvvəlində üçüncü regional inkişaf Proqramı qəbul olunacaqdır, hesab edirəm ki, bütün vəzifələr icra edilməlidir.

Kənd təsərrüfatı ilə bağlı ərzaq təhlükəsizliyi məsələləri ön plandadır. Bu barədə kifayət qədər çox qərarlar qəbul edilmişdir. Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Mən bu hədəfi bir neçə il bundan əvvəl qarşıya qoymuşam və biz bu hədəfə doğru uğurla irəliləyirik".

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda çox güclü ixrac potensialı yaradılmalıdır: "Ölkəmizdə sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir. Biz növbəti illərdə ümumi daxili məhsulu məhz qeyri-neft sektoru hesabına artırmalıyıq.

Biz son on il ərzində dünyada ən yüksək sürətlə inkişaf edən ölkə olmuşuq. Hesab edirəm ki, biz bundan sonrakı on il ərzində qeyri-neft sektorunun ən sürətli inkişafını təmin etməliyik. O ki qaldı neft sektoruna, hesab edirəm ki, biz indi gündəlik fəaliyyətimizdə əsas diqqəti bu sahəyə yönəltmirik. Bu da çox müsbət hadisədir. Çünki bu sahədə artıq hər şey plan üzrə gedir.

Bütün layihələrimiz uğurla icra edilibdir - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər layihələr. Keçən il TANAP layihəsinin imzalanması böyük tarixi hadisədir. Qürur hissi ilə deyə bilərəm ki, TANAP layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük maliyyə və texniki yük də Azərbaycanın üzərinə düşür. Biz bu məsuliyyətə hazırıq. Biz görürdük ki, "Cənub" qaz dəhlizi ilə bağlı danışıqlar davam edir və danışıqlardan başqa, necə deyərlər, heç bir real addımlar atılmır. Ona görə bu təşəbbüsü də biz öz üzərimizə götürmüşük. TANAP layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək qazana bilmişdir. Əminəm ki, Azərbaycan bu layihəni də bütün başqa layihələr kimi şərəflə yerinə yetirəcəkdir.

İndiki dövrdə Azərbaycan tərəfindən irəli sürülən və sürüləcək təşəbbüslər diqqəti cəlb edir. Bizim qərarlarımız gözlənilir. Bizim qərarlarımız həlledici rol oynayacaqdır. Azərbaycanda veriləcək qərarlar qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə olacaqdır. Biz tərəfdaşlarla bərabər qitənin yeni enerji xəritəsini müəyyən edirik. Bu, böyük məsuliyyətdir, böyük şərəfdir, böyük nailiyyətdir. Çünki bunu biz öz təşəbbüslərimizlə etmişik. Bu gün də bölgənin enerji şaxələndirilməsi ilə bağlı təşəbbüslər böyük dərəcədə Azərbaycanın təşəbbüsləri ilə uzlaşır. Bizim bu istiqamətdə siyasətimiz birmənalıdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Biz enerji amilindən əməkdaşlığı dərinləşdirmək üçün istifadə edirik. Bu amildən heç vaxt qarşıdurma, əsassız rəqabət yaratmaq üçün yox, əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və milli maraqlarımızı təmin etmək üçün istifadə edirik. Bu siyasət bu günə qədər həyatda öz düzgünlüyünü sübut edir. Əminəm ki, Azərbaycan bundan sonra da regional və dünya miqyaslı enerji tərəfdaşı kimi öz sözünü deyəcək və bu gün bizim planlaşdırdığımız layihələr uğurla nəticələnəcəkdir".

Dğvlət başçısı deyib ki, bir sözlə, hər bir istiqamət üzrə konkret proqramlarımız vardır: "Bugünkü çıxışda mən sadəcə olaraq əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Ancaq hər bir sahə üzrə konkret proqramlar var və bu proqramlar icra edilir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan təxminən 22 ildir artıq müstəqil dövlət kimi yaşayır. Yenə də demək istəyirəm ki, müstəqilliyimizin ilk illəri ağır olmuşdur, çətin olmuşdur. 1991-1993-cü illərin əvvəlləri ən ağır illər olmuşdur. Bu illər müstəqil Azərbaycan üçün ləkə, biabırçılıq idi. Azərbaycan xalqı daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim iqtidar, ulu öndər Heydər Əliyevin siyasəti təmin etmişdir.

İyirmi ildir ki, bu siyasət davam etdirilir. Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam etdirilməlidir.

Müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq".

Sonda Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti