Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı quruma daxil olan müraciətlərə baxıb.
Trend-in məlumatına görə, iclasda MSK katibi Arifə Muxtarova və Komissiyanın üzvü Ramiz İbrahimov bildiriblər ki, prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən daxil olan müraciətlər bəzi seçki komissiyalarında protokolların tərtib olunması zamanı seçki qanunvericiliyinin müddəalarının pozulması ilə bağlı olub.
Bildirilib ki, Milli Şuranın məntəqə seçki komissiyasının müşahidəçilərinin, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və digər beynəlxalq təşkilatların müşahidə missiyalarının imzaladıqları aktlarda qeyd olunur ki, məntəqəqə seçki komissiyalarının protokolları qanuna uyğun tərtib olunub. Ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməyib.