...

Bahar Muradova: ATƏT/DTİHB-nin müşahidəçiləri muzdla tutulmuş "ekspertlərdən" ibarət olur

Siyasət Materials 18 Oktyabr 2013 14:22 (UTC +04:00)
Əksər beynəlxalq təşkilatlar kimi AŞ PA və Avropa Parlamenti də Azərbaycandakı seçkiləri kifayət qədər yüksək dəyərləndiriblər. Çox təəssüf ki, ATƏT/DTİHB-nin hesabatı tamamilə mənfi tondadır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
Bahar Muradova: ATƏT/DTİHB-nin müşahidəçiləri muzdla tutulmuş "ekspertlərdən" ibarət olur

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Əksər beynəlxalq təşkilatlar kimi AŞ PA və Avropa Parlamenti də Azərbaycandakı seçkiləri kifayət qədər yüksək dəyərləndiriblər. Çox təəssüf ki, ATƏT/DTİHB-nin hesabatı tamamilə mənfi tondadır.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

B.Muradova qeyd edib ki, burada bir məqamı nəzərə almaq lazımdır ki, ATƏT PA-nın müşahidəçiləri ayrı-ayrı ölkələrin deputatlarından, ATƏT/DTİHB-nin müşahidəçiləri isə muzdla tutulmuş "ekspertlərdən" ibarət olur və bir qayda olaraq, təcrübələrinə, seçki prosesini dəyərləndirmə imkanlarına görə onlar ATƏT PA-nın müşahidəçilərindən xeyli geridə qalırlar:

"Digər tərəfdən, bu iki institut müşahidə etdikləri seçkilərlə bağlı vahid mövqedən çıxış etməkdə daim çətinliklərlə üzləşir. Bu məsələ təkcə Azərbaycanda deyil, ATƏT-in digər üzv ölkələrində keçirilən seçkilərdə də problem kimi meydana çıxır. Hər dəfə bu cür fikirayrılıqları, ziddiyyətlər, birinin digərini öz işinə yaxın buraxmaması, amma nəticədə, onun rəyinə qoşulmasını tələb etməsi kimi vəziyyətlə üz-üzə gəlirlər. Sabit mövqeyi olan, məsələyə münasibətini konkret faktlar əsasında formalaşdıran siyasətçilər isə bunu qəbul etmək istəmirlər".

B.Muradovanın sözlərinə görə, sessiya çərçivəsində ATƏT PA-nın daimi komitəsinin iclasında isə bu məsələnin müzakirəsində 56 üzv ölkənin hər birinin nümayəndələri və katiblər, həmçinin ATƏT-in büro üzvləri iştirak edirdilər:

"Bu müzakirələr kifayət qədər məhsuldar oldu. İlk olaraq Doris Barnett çıxış etdi. D.Barnett nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu bildirdi. Hər kəsin fikrini ifadə edən hesabatın hazırlanması səylərinin baş tutmamasından doğan narazılıq onun çıxışında özünü qabarıq göstərirdi. Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirdi ki, istər Bakıda, istərsə də regionlarda seçkilərin çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. Bununla yanaşı, namizədlərin çoxluğu, mətbuatda fikirlərin işıqlandırılması, televiziyadakı debatlar və çoxsaylı müşahidəçilərin iştirakı da müsbət cəhətlərdir. Xanım Barnett vurğuladı ki, hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb. D.Barnett, həmçinin qeyd etdi ki, Azərbaycanda keçirilən seçkilər səviyyə və seçki texnologiyası baxımından Almaniyadakı seçkilərə bərabər səviyyədədir. Onun gəldiyi qənaət ondan ibarətdir ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının metodologiyasını dəyişmək lazımdır. ATƏT/DTİHB fəaliyyətinin nədən ibarət olduğu o qədər də məlum olmayan QHT-lərin verdiyi "faktları" dərhal hesabatlarına daxil edir, amma həmin iddialarla bağlı müvafiq qurumların mövqelərini qətiyyən hesaba almır".

B.Muradova qeyd edib ki, müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdıqlarının şahidi olduğunu söylədi:

"O, seçkilər günündə yüksək seçici fəallığnın olduğunu, seçkilərin nəticəsində isə heç kimin inkar edə bilmədiyi, şəksiz bir qalib şəxsin olduğunu, onun cəmiyyətdə yüksək reytinqə malik olduğunu dedi. Azərbaycanda dördüncü dəfədir ki, seçkiləri müşahidə edən M.Vuazen sonuncu prezident seçkilərini bir sıra ölkələrə müsbət nümunə kimi göstərdi. O, həmçinin ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğuladı. Bütövlükdə, mən son 8 ildə müxtəlif ölkələrdə keçirilən seçkilərlə bağlı ATƏT PA-dakı müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, bu günə qədər haqqında bu qədər çox sayda müsbət fikir ifadə olunan seçkiyə rast gəlməmişdim. Demək olar ki, daimi komitənin iclası bütünlüklə Azərbaycandakı seçkilərə həsr olundu, çıxış edənlərin əksəriyyəti ATƏT/DTİHB-nin Azərbaycandakı seçkilərə verdiyi mənfi qiyməti tənqid etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti