...

Rusiya Prezidentinin nümayəndələri Azərbaycanın diaspor rəhbərləri ilə görüşüb

Siyasət Materials 18 Fevral 2015 12:57 (UTC +04:00)
Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndələri Mixail Babiç və Aleksandr Beqlov Ulyanovsk şəhərinə səfər çərçivəsində Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirib, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rusiya Prezidentinin nümayəndələri Azərbaycanın diaspor rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndələri Mixail Babiç və Aleksandr Beqlov Ulyanovsk şəhərinə səfər çərçivəsində Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirib, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ziyarət zamanı yüksək vəzifəli qonaqları Ulyanovsk vilayətinin qubernatoru Serqey Morozov və Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov başda olmaqla təşkilatın kollektivi müşayiət edib.

Abidənin ucaldılması ilə bağlı məlumat verən İ.Hüseynov lahiyənin reallaşmasında qubernator Sergey Morozovun rolunu xüsusi vurğulayıb. Daha sonra rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə danışan ÜAK-ın regional bölməsinin rəhbəri İ.Hüseynov həyata keçirilmiş layihələr - Xalqların Dostluq Kuboku uğrunda mini-futbol turniri, "Neftçi ÜAK" futbol komandası, azərbaycanlı gənclər üçün yaradılmış həftəsonu məktəbi, çoxsaylı mədəni və xeyriyyə tədbirləri haqqında geniş məlumat verib.

O, 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş 78 saylı məktəbə Azərbaycanın ümummilli lider Heydər Əliyevin adının verildiyini də xatırladıb.

Ulyanovsk vilayətinin qubernatoru Serqey Morozov bildirib ki, azərbaycanlılar bölgənin ən aktiv diasporudur, ÜAK-ın Ulyanovsk regional bölməsi isə millətlərarası münasibətlərin qurulmasında ən etibarlı və işgüzar tərəfdaşıdır.

Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov isə azərbaycanlılar haqqında hər zaman yüksək fikirdə olduğunu deyib: "Mən azərbaycanlıların yaxşı dost, səmimi və mehriban olduqlarını bilirdim, Ulyanovskda gördüklərim isə bu fikirlərimi bir daha təsdiqlədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti