Azərbaycan, Bakı, 29 aprel /Trend/
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa mərasimdə çıxış edib.
Sabiq Prezident V.Vike-Freyberqa çıxışında deyib: "Azərbaycanda bizi səmimi və dostluq mühitində qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Bir çoxlarımız burada bir neçə dəfə olmuşuq və hər dəfə geri döndüyümüzdə Bakının müasirlik nöqteyi-nəzərindən daha da gözəl, təsiredici və qeyri-adi şəhər olmasının şahidi oluruq. Biz, həmçinin ölkənin necə çiçəklənməsini, inkişaf etməsini və təbii ehtiyatlarından səmərəli istifadə etməsini də müşahidə edirik.
Cənab Prezident, Siz Bakıda belə bir forumun keçirilməsi ideyasına lap əvvəldən dəstək göstərmisiniz. Dövlətin öz vətəndaşları üçün nə işlər görə bilməsinə prioritet verərək bu gün dünyanın üzləşdiyi problemləri müzakirə etmək məqsədilə təcrübəli mütəfəkkirlərin, mütəxəssislərin, beynəlxalq təşkilatların nümayəndələrinin, bir çox sahələrdə fəaliyyət göstərən peşəkarların və xüsusilə sabiq dövlət və hökumət başçılarının, indi hakimiyyətdə olan dövlət və hökumət başçılarının bir araya toplanması üçün Bakının ideal məkana çevrilməsi bizi daha çox məmnun edən faktdır. Başqa sözlə, biz hamıya məlum olan demokratiya və Madrid Klubunun açıq cəmiyyətlər adlandırdığı məfhum haqqında danışırıq".
O, qeyd edib ki, Madrid Klubu Bakıda keçirilən birinci və ikinci forumların təşkil olunmasında tərəfdaş rolunu oynayıb: "Vurğulamaq istəyirəm ki, hazırda mənim İsgəndəriyyə Kitabxanasının direktoru cənab Serageldin ilə birlikdə həmsədrlik etdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, cənab Prezident, Sizin dəstəyiniz və köməyiniz sayəsində o qədər müstəqil və qadir bir təşkilata çevrilmişdir ki, o, forumlar arasında ən böyük olan, 70-dən çox ölkə ilə təmsil olunan III Bakı Forumunun təşkil olunması işini öz üzərinə götürmüşdür. Sizə deməliyəm ki, bizim çox gözəl və inanılmaz müzakirələrimiz olub. Hətta bu gün mənə müzakirələrin qızğın keçdiyini bildiriblər və müzakirələrin də məqsədi məhz bundan ibarətdir.
Açılış mərasimində söylədiyiniz nitq və Forumda iştirakınız xüsusilə bizim, bu tədbir və Nizami Gəncəvi Mərkəzi üçün şərəfvericidir. Sizin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bu Mərkəzin inanılmaz dərəcədə qısa müddətdə genişlənməsi və çiçəklənməsinə imkan yaradıb.
Bizə Azərbaycanın belə qeyri-adi tədbirlərin keçirilməsi işini öz üzərinə götürməsini görmək çox xoşdur. Yaxın vaxtlarda Sizdə Avropa Oyunları keçiriləcək. Ölkənizdə müxtəlif növ tədbirlər keçirilir, "Eurovision" və bu kimi digər müsabiqələr. Beləliklə, Bakı inanılmaz dərəcədə cəlbedici bir mərkəzə çevrilib. Biz burada olmaqdan qürur duyuruq və təşəkkürümüzü ifadə edirik. Biz xüsusilə Sizə təşəkkürümüzü ifadə edirik. Çünki biz bilirik ki, bu gün Sizin ananızın doğum günüdür və bu gün Siz ailənizlə bizimləsiniz. O, böyütdüyü oğulla qürur duya biləcək bir qadındır. Əminəm ki, o, Sizin necə bir prezidentə çevrilməyinizi görməkdən qürur duymuş olardı.
Qeyd etməliyəm ki, mənim ölkəmdə tədbirlər keçirilir. Belə ki, Latviya hazırda Avropa Şurasına sədrlik edir və mayın 22-da Avropanın Qonşuluq Siyasətinin birlikdə müzakirə edilməsi adı atlında xüsusi bir tədbir keçiriləcək. Bu Forumda müzakirələr zamanı biz həmin tədbirə qısaca olaraq toxunduq. Avropalılar bu məsələ haqqında düşünməkdədirlər və özümün də üzv olduğum Xarici Əlaqələr üzrə Avropa Şurası Avropa İttifaqının Qonşuluq Siyasəti haqqında tənqidi bir nəşr dərc etmişdir. Mənim şəxsən razılaşdığım tövsiyələrdən biri də odur ki, Avropa İttifaqı öz qonşuluq siyasətində o qədər də uğur əldə etməmişdir və ona hələ də çoxlu hazırlıq işləri görmək lazımdır. Əlbəttə ki, Xarici Əlaqələr üzrə Avropa Şurasının tövsiyələrindən biri də o olmuşdur ki, hər bir ölkə üçün fərdi yanaşma qəbul edilməlidir və hər bir kəsə şamil edilə biləcək qlobal yanaşma mövcud olmamalıdır".
V.Vike-Freyberqa bildirib ki, Şərq ölkələri Cənub ölkələrindən fərqlənir. Zəngin ölkələr həyatda qalmaq üçün mübarizə aparan ölkələrdən fərqlənir. Avropa bu ciddi fərqləri nəzərə almalıdır və hər bir ölkə ilə ayrıca bir dialoqa girməli, bu və ya digər vəziyyətə ən çox uyğun olan münasibətləri təyin etməlidir: "Mən Sizinlə çox səmimiyəm. İcazə verin, mayın 22-də keçiriləcək tədbirə Latviya hökuməti adından dəvəti Sizə çatdırım, çünki səmimi olaraq demək istəyirəm ki, Avropanın böyük bir hissəsi Avropa İttifaqı ilə dialoqun intensivləşdirilməsini görmək istəyir. Bu dəvəti Sizə çatdırıram və mayın 22-də Sizi Riqada gözləyirəm".
Xanım V.Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlətimizin başçısına hədiyyə edib.
Sonra dövlətimizin başçısı çıxış edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib: "Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Əvvəlcə xanım həmsədr Vike-Freyberqaya ölkəmiz, bizim etməyə çalışdığımız işlər, nisbətən qısa müddətdə əldə edə bildiklərimiz haqqında xoş sözlərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məşhur siyasətçilərin, dövlət və ictimai xadimlərin, hakimiyyətdə olan, o cümlədən sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi belə bir mötəbər tədbiri qısa vaxtda təşkil etmək iqtidarında olan dünya səviyyəli beynəlxalq təsisata çevrilməsi işində möhtəşəm nailiyyətlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, dünyada nadir bir hadisədir. Biz prezidentlər olaraq bir çox beynəlxalq tədbirlərdə iştirak etmişik. Hesab edirəm ki, Bakı Forumunun dünyanın siyasi xəritəsində məxsusi yeri var. Bu Forum intellektualların, təcrübəli siyasətçilərin, öz ölkələrinə və xalqlarına ləyaqətlə xidmət etmiş və xidmət etməkdə olan insanların, təcrübəyə və biliyə malik insanların toplantısıdır".
Dövlət başçısı bildirib ki, bu gün sürətlə dəyişən dünyada bəzən hadisələrə qısa müddət ərzində tez reaksiya vermək tələb olunduqda mütəxəssis biliyi, biliklər, reallıqların dərk edilməsi bəlkə də heç vaxt olmadığı kimi bir zərurətə çevrilib: "Bakıda ötəndəfəki görüşümüzdən bəri baxın görün, dünyada nə qədər hadisələr baş verib. Bu hadisələrin əksəriyyəti, yumşaq desək, narahatlıq doğurur. Bu hadisələrin əksəriyyəti gərginliyin artmasına, toqquşmalara, qan tökülməsinə, insan hüquqlarının tapdalanmasına, beynəlxalq səviyyədə tanınan sərhədlərin pozulmasına gətirib çıxarır. Bu, çox məyusedicidir. Belə ki, biz dünyanın heç də istəmədiyimiz istiqamətdə irəlilədiyini müşahidə edirik. Dünyanın müxtəlif yerlərində qarşıdurmalar, yeni toqquşma əraziləri və müharibələri görürük. Beləliklə, buradakı müzakirələr, açıq müzakirələr, planetimizin inkişafı üçün mühüm qərarlar verən şəxslərə tövsiyələr çox dəyərli və əhəmiyyətlidir.
Mən xanım həmsədrə və doktor Serageldinə onların möhtəşəm fəaliyyətinə və töhfəsinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox mötəbər və əhəmiyyətli beynəlxalq təsisatdır.
Mən burada bütün həmkarlarımı və dostlarımı da salamlamaq istəyirəm. Bu gün aramızda olan insanların çoxu ilə biz prezident olaraq sıx çalışmışıq. Mən Bakıdakı, təmsil etdiyiniz ölkələrdəki görüşləri xatırlayıram. Biz bir yerdə olanda aramızda çox səmimi və dostluq münasibətləri formalaşmışdır. İndi isə sizlərin artıq ayrı statusda olduğunuz, mənim isə əvvəlki statusda olduğum halda biz hələ də bu dostluq münasibətlərimizi davam etdiririk və mən sizi bu gün Bakıda görməyimə çox şadam".
Prezident deyib ki, Bakı həqiqətən də müxtəlif növ tədbirlərin keçiriləcəyi bir məkana çevrilir: "Ənənəvi xarakter daşıyan Mədəniyyətlərarası Dialoq Forumu may ayında Bakıda üçüncü dəfə keçiriləcək. Mədəni müxtəliflik və multikulturalizm məsələlərinin müzakirə olunduğu Humanitar Forum bu ilin payızında beşinci dəfə keçiriləcək. Nizami Gəncəvi Forumunun artıq dünya xəritəsində öz yeri var. Həmçinin iqtisadi gündəmə aid tədbirlər keçirilir. Əlbəttə ki, bu gün enerji və təhlükəsizlik məsələləri müəyyən dərəcədə Bakıdan ünvanlanır. Bakıda qəbul edilən qərarlar qitəmizin gələcək enerji siyasətinə və enerji təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir.
Bu il iki aydan da az müddət sonra biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hələ iki gün əvvəl Oyunların məşəlinin alovlandırılması ilə bağlı möhtəşəm bir mərasim təşkil edilmişdi. Xoşbəxtlikdən, bizim məşəli alovlandırmaq üçün də yerimiz var. Azərbaycan sivilizasiyaların və müxtəlif dinlərin mövcud olduğu qədim məkandır. Azərbaycanın tarixi abidələrindən biri olan Atəşgah alov-zərdüştlük məbədidir. Mərasim orada təşkil olundu və məşəlin bütün ölkə miqyasında səyahətinə start verildi. İki il sonra - 2017-ci ildə biz bütün müsəlman ölkələrindən idmançıların dəvət ediləcəyi İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, iki il müddətində, Bakıda, bir şəhərdə Avropa Oyunları və İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da Azərbaycanın əsl mahiyyətidir. Bu, bizim tariximiz, mədəniyyətimiz, ənənələrimizdir. Bizim dərin ənənəvi köklərimiz var. Biz müsəlman dünyasının bir hissəsiyik, eyni zamanda, bizim üzərimizdə həmişə güclü Avropa təsiri olub. Bu gün bizim siyasətimizə və fəaliyyətimizə nəzər yetirsəniz görəcəksiziniz ki, bizim xarici siyasətimizin prioritetlərindən biri də Avropa ilə yaxından əməkdaşlıq etməkdir".
İlham Əliyev bildirib ki, Azərbaycan Sülh Tərəfdaşlıq Formatının bir üzvü kimi bu əlaqələrin inkişafına da töhfə verir: "Bu gün qonaqlarımız arasında Avropa, Asiya, Latin Amerikası və müsəlman ölkələrindən məşhur siyasətçilər, dövlət xadimləri var. Bizim hamımızı sülh, əməkdaşlıq, yəqinlik, ləyaqət, insan hüquqları və demokratiya ideyaları birləşdirir. Bunlar bizi birləşdirir. Bir çox ölkələrin nümayəndələrinin bu gün Bakıda bizimlə olması çox sevindirici və qürurverici haldır. Biz əməkdaşlığa, inkişafa töhfə vermək və bütün tərəflərə bir daha hamımızın sülh və əməkdaşlıq içində yaşamağın, bir-birimizlə mübarizə aparmamağın, bir-birimizə hücum etməməyin və zorakılığa son qoymağın gərək olduğunu bildirən ismarıcı göndərmək üçün işimizin öhdəsindən gəlirik. Çünki təəssüflər olsun ki, zorakılıq artmaqdadır. Azərbaycan sabit inkişafa malik olan ölkədir. Azərbaycan müasir və gənc ölkədir, lakin eyni zamanda, iqtisadi və siyasi cəhətdən müəyyən vəsaitlərə və potensiala malikdir. Biz sülh, əməkdaşlıq və inkişafı gücləndirmək üçün öz səylərimizdən, potensialımızdan istifadə edirik.
Fürsətdən istifadə edərək sizi Avropa Oyunlarının açılış mərasiminə dəvət etmək istəyirəm. Oyunlar Avropada ilk dəfə keçiriləcək, bu da bir az qəribədir. Belə ki, Olimpiya Oyunları Avropada, Yunanıstanda başlayıb və Baron de Kuberten tərəfindən Avropada bərpa olunmasına baxmayaraq, Avropanın heç zaman öz oyunları olmayıb. Avropa Olimpiya Komitəsi tərəfindən bu Oyunların müsəlman əhalisi olan bir ölkədə - Azərbaycanda təşkil edilməsi qərarı müasir tarixin ən müdrik qərarlarındandır. Bu, tolerantlığın, əməkdaşlığın və bizə hörmətin göstəricisidir. Biz də qonaqlarımızın iyun ayının xoş günlərində Bakıda özlərini rahat hiss etmələri üçün əlimizdən gələni edirik.
Bir daha xoş gəlmisiniz! Mən sizə və ölkələrinizə ən xoş arzularımı çatdırıram!"