Bakı. Trend:
ABŞ-RF qarşıdurmasının indiki mərhələsi Ribbentrop-Molotov paktı ilə müqayisə oluna bilər. ABŞ-ın Rusiyaya yaxınlaşması geosiyasi mübarizənin yeni mərhələsidir. Bu mərhələni ikinci Dünya müharibəsi ərəfəsində imzalanmış Ribbentrop-Molotov paktı ilə müqayisə etmək olar. Obrazlı adı isə "mehriban düşmənçilikdir".
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, ABŞ Dövlət Katibinin təşəbbüs göstərərək Rusiyaya səfər etməsi, Rusiyanın ünvanına səsləndirdiyi xoş fikirlər bu yaxınlaşmanın müəllifinin ABŞ olduğunu göstərir: "RF tərəfi hətta V.Putinin C.Kerrini qəbul edə bilməyəcəyi mövzusunu aktuallaşdırdı. Son bir ildə hətta ABŞ-la Rusiya arasında yüksək səviyyəli görüşlərin təşkilini texniki və təşkilatı parametrləri də siyasiləşdirilib. ABŞ Rusiyanı bu vaxta qədər istifadə etdiyi variantla çökdürə bilmədi. İndi yeni variant axtarışındadır. Türkiyənin Suriyada Rusiya qırıcısını vurmasına RF-in verdiyi reaksiya ABŞ-ı şoka saldı və məhz bu hadisə ABŞ-ın Rusiyaya qarşı taktikasını dəyişdirməsinin əsas səbəbidir. Su-24 təyyarəsi vurulduqdan sonrakı iki gün ərzində Rusiya həmin əraziyə S-400 zenit raket komplekslərini yerləşdirdi, "Moskva" atom kreyserini Aralıq dənizinin Suriya akvatoriyasına göndərdi, Suriyadakı hərbi-kosmik qüvvələrini yeni qırıcılarla daha da gücləndirdi. ABŞ Rusiyanın belə operativliyini gözləmirdi".
M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın daxili inamına görə, qırıcı təyyarəni Türkiyə vursa da əslində bu işin təşəbbüskarı ABŞ-dır: "ABŞ soyuq müharibəyə hərbi elementlər daxil etməklə Rusiyanı çökdürmək kursunu seçib. Su-24 qırıcı təyyarəsinin vurulması Rusiyanın Suriya hərbi kampaniyasındakı xərclərini artırdı. Çünki bütün bomba daşıyan təyyarələr indi həm də qırıcı təyyarələrlə müşayiət olunur. V.Putin Rusiya təyyarələrini hədəfə alan bütün yerüstü və hava hədəflərini məhv etmək əmri verdi. Bunlar Rusiyadan əlavə xərc tələb edir. V.Putin Rusiyanın Suriya kampaniyasına xərclədiyi vəsaitin RF əhalisində gərginlik yaradacağından ehtiyatlanır".
M.Əhmədoğlu deyib ki, ənənəvi illik mətbuat konfransında V.Putin əvvəlki illərdən fərqli olaraq kəskin bəyanatlar vermədi, eləcə də Suriyada aparılan hərbi əməliyyatların dövlət büdcəsinə əlavə yük yaratmadığını bildirdi: "V.Putin RF hərbçilərinin Suriyadakı xərcləri müdafiə nazirliyinin hərbi təlimlər üçün nəzərdə tutulmuş büdcəsindən ödəndiyini bildirdi. Bu V.Putinin Rusiya ictimaiyyətinə yönəlmiş manevri idi. Çünki son bir il ərzində Rusiya iqtisadiyyatında ancaq neqativ hadisələr baş verir, inkişaf perspektivləri də dumanlıdır. Su-24 qırıcısının vurulmasında ABŞ-ın digər dividenti də var. Qırıcı təyyarələrin bombardmançı təyyarələri müşayiət etməsi təkcə maliyyə xərclərini artırmır, həm də əməliyyatların tempini zəiflədir. Bu isə Suriya kampaniyasında ABŞ-a əlavə vaxt udmağa imkan yaradır".
Mərkəz rəhbəri bildirib ki, ABŞ Dövlət Katibi C.Kerrinin Moskvadakı görüşlərində Suriya və Ukrayna məsələləri paralel müzakirə edildi: "Ukraynaya Minsk-2 prosesi çərçivəsində təzyiqləri ABŞ bu vaxta qədər yaxına buraxmırdı. Kerri Moskvada olarkən Minsk -2 prosesinin yubanmasına görə, hamının yəni həm də Ukraynanın məsuliyyət daşıdığını bildirdi. O, Minsk-2 prosesini yubatmamaq üçün Ukraynaya təzyiq ediləcəyini açıqladı. Kerrinin Moskvaya səfərini, apardığı danışıqları prezidentlər B.Obama və V.Putinin telefon danışıqları daha da asanlaşdırdı. V.Putin hətta C.Kerriyə kompliment dedi: "Siz çox gəzir, çox işləyirsiniz, bir az yatın dincəlin". ABŞ-ın Rusiyaya qarşı son siyasətini konfiqurasiyası belədir: ABŞ həm Suriya, həm də Ukrayna məsələsində Rusiyaya güzəştlərə gedir, Rusiya bu güzəştləri qəbul edir, müəyyən qədər arxayınlaşır. ABŞ isə Rusiyanın iqtisadi çökdürmə planına əlavə dividentlər əldə edir".
Politoloq qeyd edib ki, Kerri Moskvadan "xoş niyyətlə" qayıtdıqdan dərhal sonra ABŞ Rusiyaya qarşı iki dəfə yeni iqtisadi sanksiyalar əlavə etdi: "AEBA-nın İranla əlaqəli pozitiv sənədinə ABŞ Dövlət Departamenti dərhal müsbət münasibət bildirdi. Bundan dərhal sonra bir tərəfdən İrana qarşı sanksiyaları ləğv edən ABŞ, digər tərəfdən başqa sanksiyalar tətbiq etməyə başladı: İrana səfər etmiş digər ölkə vətəndaşlarının ABŞ-a daxil olmasına əlavə baryerlər müəyyənləşdirdi. Eləcə də, ABŞ "Sepahı" terrorçu təşkilatlar siyahısına salmaq niyyətindədir. ABŞ-ın hər iki addımı İranın imicinə ciddi zərbədir. Lakin əsas hədəf İranın Rusiya ilə münasibətləridir".
M.Əhmədoğlu qeyd edib ki, Suriya ərazisində terrorçu təşkilatların siyahısının razılaşdırılması ABŞ-la Rusiya arasında müşkül məsələyə çevrilib: "Rusiyanın SEPAH-ın terrorçu təşkilat hesab edilməsinə razılıq verməsi İranı kəskin antirusiya siyasətə vadar edəcək. ABŞ isə hərtərəfli uduşda olur. İndiki şəraitdə İranın antirusiyaçılığı Rusiyaya əvəzedilməz itki yarada bilər. Tarixi analogiyaya bir də qayıdaq: Ribbentrop-Molotov paktının gizli əlavəsi Baltikyanı dövlətlərdən ikisinin, Finlandiyanın, Şərqi Polşadakı bəzi ərazilərin və Bessarabiyanın s. SSRİ-yə qayıtmasına səbəb oldu. Amma iki ildən sonra A.Hitler SSRİ-yə hücum etdi. İkinci Dünya müharibəsi belə başladı. İndi də üçüncü dünya müharibəsinin astanasıdır".