...

Prezident İlham Əliyev: Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi

Siyasət Materials 27 May 2022 16:51
Prezident İlham Əliyev: Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik.

Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar.

Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti