Bakı. Trend:
Dünyanın heç bir yerində Meşəlidə törədilənlərə bənzər vəhşiliklər təkrarlanmamalıdır.
Trend-in məlumatına görə, bu barədə Bosniya və Herseqovinadan olan jurnalist, “Preporod” qəzetinin redaktoru, "Srebrenitsa və Zepa anklavlarının Anaları Hərəkatı"nın üzvü Ayşə Hafizoviç-Hacımeşiç deyib.
"Meşəli sakinlərinin açıq məktubu ilə tanış olaraq demək istəyirik ki, onların haqq-ədalət uğrunda mübarizəsini dəstəkləyirik. Bosniyada insanlığa qarşı törədilən cinayətlərin qurbanı olan Srebrenitsa soyqırımının qurbanları Meşəli cinayəti qurbanlarının ağrısını hiss edirlər. Dünyanın heç bir yerində bu cür vəhşiliklər təkrarlanmamalıdır. Bu gün Azərbaycandan olan dostlarımızla biz məsuliyyətə, ədalətə səsləyirik, çünki ədalətsiz sülh olmaz", - deyə o bildirib.
Ayşə Hafizoviç-Hacımeşiç hesab edir ki, keçmişdə baş verənlərə göz yummaq olmaz:
"Bəşəriyyətin gələcəyi naminə gələcəkdə belə vəhşiliklərin təkrarlanmaması üçün ədalətin təmin olunması üçün səyləri birləşdirmək lazımdır".
Qeyd edək ki, Meşəli kənd sakinləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Onlar beynəlxalq ictimaiyyətdən Ermənistanı Azərbaycan xalqına qarşı insanlığa qarşı cinayət törətmiş şəxsləri cəzalandırmağa və təhvil verməyə məcbur etməyi tələb edirlər:
"Bu gün Goranboyda miqrantlar şəhərciyində yüzlərlə Meşəli ailəsi kompakt şəkildə yaşayır. Meşəlinin hər bir sakininin tələbi budur ki, Vaqif Xaçatryan və onun kimi digər hərbi cinayətkarlar Azərbaycan ədaləti qarşısında cavab versinlər. Onilliklərdir ki, bu ədalət anını gözləyirdik, iztirablardan, yaxınlarımızı itirdikdən sonra bizim üçün yeganə təsəlli budur. İllərdir bu günü gözləyirik, amma bir günə inamımızı, ümidimizi itirməmişik. Yüksək peşəkarlıq nümayiş etdirərək hərbi cinayətkar Vaqif Xaçatryanı aşkar edərək saxlamış sərhədçilərimizi qucaqlayırıq və bağrımıza basırıq!".