Bakı. Trend:
Ötən gün bütün türk dünyası Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü böyük təntənə ilə qeyd etdi. 100 il əvvəl qəhrəman türk xalqı Qazi Mustafa Kamal Atatürkün və fədakar çiyindaşlarının rəhbərliyi altında İstiqlal savaşını qazandı, ölkəni xarici qüvvələrin işğalından qurtardı. Türkiyə tarixində yeni dövrün başlanğıcı sayılan 1923-cü ilin 29 oktyabrı ortaq dəyərləri bölüşən türk xalqlarının azadlıq, müstəqillik inamını gücləndirdi, gələcək türk cümhuriyyətləri üçün bir mayak oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycanda Türkiyə Cümhuriyyəti gününün əziz bayram kimi keçirilməsi təsadüfi deyil.
“Çünki Azərbaycanı qardaş Türkiyə ilə çoxəsrlik ortaq tarix, oxşar tale bağlayır. Bizim eyni soy-kök, dil, din, mədəniyyət kimi dəyərlərin bölüşüldüyü neçə əsrlik doğmalıq, birgəlik tariximiz var. Yüz illərin ağır sınağından çıxmış bu doğmalıq, birlik ən ağır günlərdə bərkiyib.
Tariximizdə belə misallar kifayət qədərdir. Azərbaycanın ilk
müstəqil dövləti demokratik, Xalq Cümhuriyyətinin daxili-xarici
təhlükələrdən müdafəsində Türkiyənin rolu danılmazdır. Biz Bakının
və ətraf rayonaların daşnak-bolşevik canilərindən qurtarılmasında
Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin göstərdiyi şücaəti heç
vaxt unutmuruq.
Azərbaycanlıların Çanaqqala döyüşü və İstiqlal savaşında türk
əsgərləri ilə çiyin-çiyinə dayanması, Birinci Dünya müharibəsində
yaradılan “Qardaş köməyi”, “Türk əsirlərinə yardım komitəsi” və
digər xeyriyyə cəmiyyətləri vasitəsi ilə maddi və tibbi yardımlar
göstərilməsi də tarixi qardaşlığımızın qürur doğuran
səhifələridir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qardaş Türkiyə yenə dayağımız oldu. Bu dəstək xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni düşdüyü ağır böhrandan, vətəndaş müharibəsindən xilas etdiyi son dərəcədə gərgin və taleyüklü vaxtda göstərildiyi üçün xüsusi ilə qiymətli idi. Sonrakı illərdə Türkiyə ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsini Ümummilli Lider Heydər Əliyev çox dəqiq və özünəməxsus müdrikliklə belə ifadə etmişdir: “iki dövlət, bir millət”.
Ehtiraf olunmalıdır ki, dünya tarixi, xüsusi ilə dövlətlərarası münasibətlərin belə səviyyəsinə şahidlik etməyib. Özü də bu birlik, doğmalıq hər mərhələdə yeni keyfiyyət göstəriciləri qazanmaqla daha da inkişaf edir, möhkəmlənir.
Çoxsaylı faktlardan yalnız bir neçəsini qeyd etmək istərdim. Ermənistanın 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faizə yaxın ərazisini işğal etməsinə cavab olaraq rəsmi Ankara təcavüzkar dövlətlə sərhədlərini bağladı”, - deyə deputat bildirib.
O qeyd edib ki, tarixi və etnik köklərə bağlı olan bu təbii əməkdaşlıq sonrakı mərhələdə möhtərəm dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ümumi maraqlar ətrafında səylərin birləşməsdirilməsi ilə daha da inkişaf etdirildi və gələcəyin möhkəm təməllər üzərində qurulmasına geniş imkanlar açdı.
“Türkiyə–Azərbaycan birliyinin, qardaşlığının bariz təntənəsi olan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz, TANAP kimi böyük enerji layihələri həyata keçirildi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildi.
Ancaq Türkiyə–Azərbaycan qardaşlığının, birliyinin zirvəsi, sözsüz ki, 44 günlük Vətən müharibəsi və onun məntiqi nəticəsi olan 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsidir. Türkiyə dövlətinin, qardaş türk xalqının müharibənin ilk günündən Azərbaycana verdiyi siyasi, mənəvi dəstək qələbəyə olan inamımızı daha da artırırdı. Azərbaycan bu inamla erməni işğalından qurtardığımız torpaqlarda bu gün qardaş Türkiyənin də iştirakı ilə Böyük Qayıdış kimi qürurverici dövlət proqramını uğurla həyata keçirir. Bu proqramın reallaşması məcburi köçkünlərin 30 il həsrətində qaldıqları doğma yurdlarına qayıdışını təmin etməklə əbədi birliyimizin daha bir səhifəsi olacaqdır.
Xalqlarımız və dövlətlərimizin birliyi qardaş Türkiyədə güclü zəlzələnin baş verdiyi 2022-ci ilin fevral günlərində bir daha təsdiqləndi. Azərbaycan nəinki Türkiyənin dərdinə şərik olan və kömək əlini uzadan birinci yardım edən ölkə oldu, həm də bu gün də davam edən həmin ardıcıl kömək adi insanlardan dövlət rəhbərliyi səviyyəsinə qədər bütün Azərbaycanı əhatə etdi.
Bu gün Türkiyənin dünyada söz sahibi olan qüdrətli bir dövlət olmasından hamımız qürur duyur, 100 yaşlı doğma Turkiyəyə hərtərəfli tərəqqi, qardaş türk xalqına yüksək rifah arzulayırıq. Azərbaycan–Turkiyə birliyi və qardaşlığı əbədi və yenilməzdir”, - deyə o əlavə edib.