Bakı. Trend:
İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysləri bərpa olunur.
Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisi Bəhram Sərməst deyib.
"İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reyslərinin yenidən bərpa olunması diqqət mərkəzində saxlanılır", - o bildirib.
Onun sözlərinə görə, uçuşlar səfərlərin sadələşdirilməsi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində baş tuta bilər.
Sərməst deyib ki, bu vasitə ilə həm hər iki ölkənin vətəndaşları, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfər edə biləcəklər.
İranlı vali qeyd edib ki, Təbriz-Bakı hava reysi dünyada COVID-19 pandemiyası nəticəsində dayandırılıb.
Qeyd edək ki, Təbriz-Bakı və əks istiqamətdə hava reysi həftədə iki dəfə təşkil olunurdu.
Əlavə edək ki, İranda 54 mülki aktiv aeroport fəaliyyət göstərir. Onun 14-ü beynəlxalq aeroportdur. İran aeroportları ilə ildə orta hesabla 30 milyon sərnişin daşınır.