...

Daşınmaz mədəni irs nümunələri ilə bağlı vahid qaydaların təsdiqi vacib addımdır – Vüqar Rəhimzadə

Cəmiyyət Materials 1 May 2025 12:45 (UTC +04:00)
Daşınmaz mədəni irs nümunələri ilə bağlı vahid qaydaların təsdiqi vacib addımdır – Vüqar Rəhimzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dövlətin göstərdiyi qayğı sayəsində ölkəmizdə tarixi və mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Konstitusiyasına görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur:

“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Bu faktı xüsusi qeyd etməliyik ki, ermənilər vaxtilə işğal etdikləri ərazilərimizdə Azərbaycan xalqının izlərini silmək üçün tarixi, dini, mədəniyyət abidələrimizi tamamilə dağıdıb yerlə-yeksan etsələr də, tarix bunun mümkünsüz olduğunu təsdiqlədi. Bu gün həmin abidələrimiz, milli sərvətimiz tarixi Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası sahəsində aparılan uğurlu addımlardan biri də azad edilmiş doğma torpaqlarımızda, o cümlədən Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, mədəni-tarixi irsin bərpa edilməsi, yenidən qurulması olub. Bu işlər hazırda da uğurla davam etdirilir".

Deputat əlavə edib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların pasportlaşdırılmasıdır:

“Tarixi abidələrin sənədləşməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır.

Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir. Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün vahid qaydalar və pasport formasının təsdiq edilməsi olduqca vacib və müsbət addımdır”.

Xəbər lenti

Xəbər lenti