Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti monitorinqi ilə tanışlıq məqsədilə FHN tərəfindən mediatur təşkil olunub.
Trend xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər təhlükə potensiallı obyektlərin, eləcə də, həmin obyektlərin yerləşdiyi ərazilərin yaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq prosesini izləyiblər.
Monitorinq tədbirlərinin əsas məqsədi təhlükə potensiallı obyektlərin təhlükəsiz istismar edilməsi şəraitinin yaradılması, o cümlədən insanların həyat və sağlamlığının, əmlakının yanğından qorunmasından ibarətdir.
Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, o cümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq və otlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.