...

ARİF HACILI: "AZADLIQ" BLOKUNUN MİTİNQİNDƏ ENERJİNİN KƏSİLMƏSİNƏ BİRBAŞA BAKI MERİYASI MƏSULİYYƏT DAŞIYIR

Siyasət Materials 12 Sentyabr 2005 16:18 (UTC +04:00)

"Azadlıq" blokunun növbəti mitinqində səsgücləndiricilərə gələn elektrik enerjisinin kəsilməsində məsuliyyəti birbaşa Bakı Şəhər İcra Hakimiyyəti daşıyır". Bu barədə Trend agentliyinə müxalifətyönlü "Azadlıq" blokunun təsisçilərindən olan Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

O, bunu bir növ təxribat adlandıraraq qeyd edib ki, əgər səsgücləndiricilər sıradan çıxıbsa, onu yeniləri ilə əvəz etməliydilər.

"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Elman Salayev isə adıçəkilən problem barədə yalnız bunları deyib: "Mitinqdə dedilər ki, guya səsgücləndiricilər gərginlik çox verildiyindən sıradan çıxıb. Ancaq məsələ araşdırılmalıdır".

"Azadlıq" blokunda təmsil olunan partiyaların (AXCP, ADP və Müsavat) funksionerlərindən bəziləri isə sözügedən "təxribat"ın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən edildiyi qənaətində olublar.

Məlum məsələ ilə bağlı jurnalistlərin müraciətinə münasibət olaraq milli təhlükəsizlik naziri Eldar Mahmudov isə bu sualın onlara aidiyyatı olmadığını bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə radikal müxalifət liderlərinin mitinqdə səsgücləndiricilərin sıradan çıxmasıyla bağlı iqtidarı günahlandırmalarını məntiqsiz adlandırıb: "Bəlkə, günəşdə baş verən partlayışlara da iqtidar məsuliyyətlidir? Müxalifətin gəldiyi qənaətdən belə çıxır ki, əgər Müsavat başqanı İsa Qəmbərin bazardan aldığı qarpız xarab çıxarsa, bunda da iqtidar günahkardır".

Xəbər lenti

Xəbər lenti