...

Azərbaycanın "Qarabağ" futbol klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 14 İyul 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Makedoniyadan olan müdafiəçi Zəkəriyyə Ramazani ilə bir illik müqavilə bağlayıb. Bu barədə bazar ertəsi Trend -a "Qarabağ" klubunun baş məşqçisi Rasim Kara məlumat verib.

Müdafiə xəttinin mərkəzində çıxış edən makedoniyalı futbolçu "Qarabağ"ın Türkiyədə keçirdiyi təlim-məşq toplanışında iştirak edərək, yoxlama oyunlarında yaxşı təsir bağışlayıb.

"Qarabağ" Zəkəriyyədən əvvəl Makedoniya yığma komandasının keçmiş kapitanı Artim Şakirini transfer etmişdi.

"Qarabağ" klubunun baş məşqçisi bildirib ki, daha bir əcnəbi futbolçu ilə müqavilə bağlanılması nəzərdə tutulub. "Azərbaycan Premyer-Liqasının qarşıdakı mövsümündə çempionluq uğrunda mübarizə aparacağıq. Məqsədimizə çatmaq üçün komandamızı gücləndirməyimiz əsas şərtlərdən biridir", - deyə baş məşqçi əlavə edib.

Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə beşinci yeri tutmuş "Qarabağ" klubu Türkiyədə iyulun 1-dən hazırlıq keçir. Komanda Türkiyədə olduğu müddətdə bir çox əcnəbi futbolçuları baxışdan keçirsə də, onlardan yalnız makedoniyalı oyunçu ilə müqavilə bağlanması məqsədəuyğun sayılıb.

Xəbər lenti

Xəbər lenti