Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Gələn il respublikanın müxtəlif regionlarında məhkəmə komplekslərinin tikintisinə başlanacaq. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə Nazirliyinin rəsmi saytında yayılan müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda aparılan məhkəmə islahatları, habelə dövlətimizin demokratik niyyəti nüfuzlu beynəlxalq maliyyə qurumlarının da diqqətini cəlb edir.
Məmmədov qeyd edib ki, Dünya Bankı Azərbaycana maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb.
Bununla əlaqədar hazırda ədliyyə sisteminin müasirləşdirilməsi üzrə birgə layihənin icra edildiyini deyən nazir qeyd edib ki, layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanıb.
Habelə, Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.
Onun sözlərinə görə, məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu binalarda ən müasir beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılır, binalar ən müasir informasiya-kommunikasiya avadanlıqları ilə təchiz olunur.
Məhkəmələrin Vahid İnformasiya İnfrastrukturu Strategiyasının hazırlandığını deyən Məmmədov bildirib ki, strategiya ölkədə fəaliyyət göstərən bütün müxtəlif instansiyalı məhkəmələri, məhkəmə özünüidarə orqanları və Ədliyyə Nazirliyi üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma vasitələri komplekslərinin, informasiya resurslarının yaradılmasını əhatə edir.
"Bu texnoloji sistem qanunvericiliyə dair məlumat bankına, məhkəmə təcrübəsinin, xüsusilə, hüququn yeni və inkişaf edən sahələrində ümumiləşdirilmə materiallarına çevik çıxışı təmin etməklə, analitik tədqiqatların imkanlarını artırır, məhkəmə kargüzarlığının unifikasiyasına, məhkəmə sənədlərinin icrasının yüksək keyfiyyətini təmin etməyə imkan yaradır", - Məmmədov deyib.