...

Azərbaycanda sürüşməyə meyilli magistral yollarda monitorinqlərə başlanılır

Cəmiyyət Materials 12 Sentyabr 2012 15:48 (UTC +04:00)
Sabahdan Azərbaycanda sürüşməyə meyilli magistral yollarda təkrar monitorinqlərə başlanacaq. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.
Azərbaycanda sürüşməyə meyilli magistral yollarda monitorinqlərə başlanılır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda sürüşməyə meyilli magistral yollarda təkrar monitorinqlərə başlanacaq. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, monitorinqlər Lənkəran-Lerik, Quba-Xınalıq, Bakı-Şamaxı-Ağsu və Muğanlı (Şamaxı)-İsmayıllı yollarında həyata keçiriləcək.

Qaralov bildirib ki, hələlik sürüşmə sahələrinin heç birində ciddi dəyişmə hiss edilmir. Amma payızın gəlişi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivləşmə yarana bilər. Atmosfer çöküntülərinin normadan artıq düşməsi nəticəsində Şamaxı, İsmayıllı və Ağsudakı sürüşmə sahələrində aktivləşmənin baş verməsi gözləniləndir.

Nazirlik rəsmisi bildirib ki, Ağsu aşırımında da sürüşmə gözlənilir. Buna görə də həmin ərazi bütünlüklə təkrar monitorinqə cəlb olunacaq.

Ekspedisiya rəisinin sözlərinə görə, artıq köhnə sürüşmə sahələrinin bir çoxunda tədbirlər həyata keçirilir.

Qaralov bildirib ki, sürüşmənin qarşısını almaq üçün bütün yerlərdə eyni tədbirləri görmək olmaz. Çünki hər bir sürüşmənin öz spesifikası var və hər hansı tədbiri buna uyğun olaraq həyata keçirmək lazımdır.

"Sürüşmənin olmaması üçün əhali sudan düzgün istifadə etməli, yamacda evlər tikməməlidir. İnsanların da bu məsələ ilə bağlı maarifləndirilməsi lazımdır ki, bu cür hallar baş verməsin", - nazirlik rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti