Azərbaycan, Bakı, 11 yanvar /Trend/
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində tədbirlər planı hazırlanıb.
QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvar 2013-cü ildə saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Bundan başqa, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları"nın kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.