Azərbaycan, Bakı, 24 may /Trend/
Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi və Avropa Təhsil Fondunun birgə təşkilatçılığı ilə Şərqi Avropada fasiləsiz peşə təhsili üzrə regional layihə çərçivəsində "Peşə standartlarından təhsil standartları və tədris planlarına doğru" adlı seminar keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seminarda məqsəd ölkədə insan kapitalının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə standartlarının hazırlanması və tətbiqi nəticəsində rəqabət qabiliyyətli kadr potensialının formalaşdırılması, bunun vasitəsilə əhalinin məşğulluğunun artırılması, eləsə də peşə standartları əsasında təhsil standartları, tədris planları və proqramlarının hazırlanması üçün prosedurların müəyyən edilməsi, bu işlərdə sahə komitələrinin iştirakı və digər məsələlərin müzakirə edilməsi olub. Seminar, həmçinin Azərbaycanda Milli İxtisas Çərçivəsinin tətbiqinə dəstək məqsədinə xidmət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin rəsmiləri seminarı giris sözü ilə açıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov respublikamızda bu istiqamətdə görülən işlər, əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra mövzu ilə bağlı hökumət, elmi-tədqiqat institutları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar, o cümlədən suvaqçı, hotel inzibatçısı və fermer peşələri üzrə peşə standartları nümunələri təqdim edilib.
Tədbirin sonunda seminarda iştirak edən dövlət nümayəndələri, işəgötürənlər və həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri məsələlər ətrafında diskussiyalara qatılıb, seminarın nəticələrindən irəli gələn fəaliyyətlər, eyni zamanda, növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.