...

"Azəryolservis" sürücülərə "Xırdalan dairəsi"nin əvəzinə alternativ yollar göstərdi

Cəmiyyət Materials 13 May 2015 15:19 (UTC +04:00)
“Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri tez bir zamanda yekunlaşdırılacaq.
"Azəryolservis" sürücülərə "Xırdalan dairəsi"nin əvəzinə alternativ yollar göstərdi

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

"Xırdalan dairəsi"ndə aparılan təmir-tikinti işləri tez bir zamanda yekunlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən "Xırdalan dairəsi"ndə də təmir işləri aparılır.

Bu ərazidə köhnə asfalt-beton örtüyünün yerinə yenisi döşənir. Bu səbəbdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bakı-Sumqayıt və əks istiqamətə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz şəkildə istifadə edə bilərlər. Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 13-ci kilometrliyində yerləşən "Masazır dairəsi"ndən istifadə etməklə, Binəqədi və Biləcəri qəsəbələri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri isə "Ekologiya postu"ndan sağa dönməklə hərəkətlərini davam etdirə bilərlər. Bundan başqa, sürücülər alternativ olaraq Binəqədi şosesindən də istifadə edə bilərlər.

"Xırdalan dairəsi"ndə təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib. "Azəryolservis" ASC müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti