Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/
Bu gün ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibəsində bildirib.
M.Qurbanlının sözlərinə görə, din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır: "Din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır. Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var. Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır. Din üzrə kadrı hazırlayacaq mərkəz elmi mərkəz olmalıdır. Bu mərkəz həm də din üzrə tədqiqatlar aparmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kilsələr və sinaqoqlar üçün kadrları da tədricən həmin ali təhsil ocağında hazırlamaq olar. Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir".
Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, bu gün milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərə rast gəlinir: "Ona görə də onların, o cümlədən İslam dininin qorunmasına ehtiyac var. Milli-mənəvi dəyərlərimiz xarici təsirlərə məruz qalır. Bu təsirlər müasir dünyamızın reallığıdır. Bizim milli-mənəvi dəyərlərimizin başqa xalqların mənsub olduqları dəyərlərlə qovuşması prosesi gedir. Biz də dünyada gedən bu prosesdən kənarda deyilik. Milli-mənəvi dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq üçün işlərin görülməsi zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Biz bu gün Qərb mədəniyyətinin ciddi şəkildə dünyaya yayılması prosesini müşahidə edirik. Bu prosesdə xalq öz milli-mənəvi dəyərlərini qorumaq üçün lazımi tədbirlər görmürsə, onun mədəniyyəti də mütləq assimilyasiyaya uğraya bilər. Bu, qloballaşmanın böyük problemlərindən biridir. Din də də belədir. Ona görə, milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dinimizin qorunmasına ehtiyac var".