...

Bakı Ali Neft Məktəbinin tələbələri Türkiyədə təcrübə qazanacaq

Cəmiyyət Materials 5 İyun 2015 10:56 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Türkiyədə, Petkim şirkətində istehsalat təcrübəsi keçəcəklər.
Bakı Ali Neft Məktəbinin tələbələri Türkiyədə təcrübə qazanacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Türkiyədə, Petkim şirkətində istehsalat təcrübəsi keçəcəklər.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən mləumata görə, bu ilin yayında Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi" ixtisası üzrə 3-cü kursda təhsil alan 10 seçilmiş tələbəsi Türkiyənin İzmir şəhərində Petkim şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər.

Bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və "SOCAR Turkey Energy" şirkətinin Baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.

Tələbələr tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcəkdir. Razılaşmaya əsasən BANM-in tələbələri Petkim şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti