...

Telekanallarda iməcilik: müğənnisiz efir

Cəmiyyət Materials 2 Yanvar 2016 22:05 (UTC +04:00)
Azərbaycanda yerli telekanallar müğənnilərə yerli-yersiz və həddən artıq efir ayırdıqlarına görə cəmiyyət tərəfindən çox tənqid edilib.
Telekanallarda iməcilik: müğənnisiz efir

Məftun Salmanov - Trend:

Azərbaycanda yerli telekanallar müğənnilərə yerli-yersiz və həddən artıq efir ayırdıqlarına görə cəmiyyət tərəfindən çox tənqid edilib. Bu tənqidlərin əsasında bir çox müğənnilərin qalmaqalları, şəxsi həyatlarının önə çıxarılması, savadsızlığı, tamaşaçılara pis örnək olmaları, bəzilərinin ümumiyyətlə səsinin olmaması və s. dayanırdı. Cəmiyyəti haqlı çıxaran səbəblər sırasına Vergilər Nazirliyinin bu yaxınlarda vergidən yayınan müğənnilərin siyahısının açıqlaması da əlavə edildi.

Siyahıda adambaşına on minlərlə manat borcu olan ifaçılar da var idi. Dövlət büdcəsinə ödənilərək oradan da müəllimlərin, digər aztəminatlı ailələrin cibinə getməli olan vergidən yayındırılan pullar müğənnilərin paltarlarına, kosmetikasına, avtomobil kreditinə, şit kliplərə və digər əyləncələrə xərclənib. Təbii ki, nazirliyin ilin, günün bu vaxtında müğənnilərin üstünə düşməsi başa düşüləndir. Ancaq nazirlik bu məsələnin üstünə əvvəlki illərdə ciddi şəkildə düşməli idi.

Vergidən yayınan, səsi olmayan və insanlar üçün pis örnək olan müğənnilərə qarşı ictimai qınaq göstərilməsinin vaxtı çoxdan keçib. Qınaq həm cəmiyyət, həm də telekanallar tərəfindən olmalıdır. İnsanlar müğənni adını ləkəyənləri toylarına çağırmamaqla etirazlarını bildirə bilərlər. Telekanallar isə onları müəyyən müddət, bəlkə də həmişəlik efir üzünə həsrət qoymalıdır.

İnanın ki, müğənniləri ən azı bir həftə mavi ekrandan uzaqlaşdırandan sonra onlar insanların heç yadına düşməyəcək. Sadəcə, tamaşaçılar onları görməyə alışıb. Telekanallar insanların bu alışqanlıqlarını dəyişdirə bilər və bunu da etməlidirlər. Müğənnilərin səslərini əvəz edəcək mövzu kifayət qədərdir. Dünya çalxalanır, III Dünya müharibəsinin baş vermə ehtimallarından danışılır, Avropanı qaçqın bürüyüb, cəbhə xəttində gərginlik davam edir.

Bir sözlə, tamaşaçılar dünyada və ölkədə gedən proseslərdən geniş xəbərdar olmalı, onların baş verməsi haqqında ətraflı məlumat almalıdırlar. Tamaşaçılar bu cür informasiyalarla əhatə olunduqdan sonra oxuyan müğənni görəndə "dünya nə hayda, bu nə hayda" - deyib daha ciddi işlərlə məşğul olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti